"Facebook” rəhbəri Mark Zukerberq
gələn həftədən etibarən sosial şəbəkədə həyata keçiriləcək mühüm
dəyişiklik barədə məlumat verib.
Movqe.az-ın xəbərinə görə, M. Zukerberq bildirib ki, artıq istifadəçilər
özləri xəbərləri qiymətləndirməklə onların keyfiyyətinə təsir göstərə
biləcəklər: "Örtən həftə mən dostlar və doğmalar arasında ünsiyyəti
təşviq etmək üçün böyük dəyişiklik anons etdim. Nəticədə siz publik
kontent - xəbərlər, videolar və dostların postlarını daha az
görəcəksiniz. Dəyişiklikdən sonra lentdə xəbərlərin kəmiyyəti təxminən
4-5% azalacaq. Müasir dünyada sensasiyaya meyl, dezinformasiya və
baxışların qütbləşməsi həddən artıqdır. Sosial media insanlara
informasiyanı heç vaxt olmadığı qədər sürətlə yaymağa imkan verir. Biz
spesifik problemləri indi həll etməsək, onların dərinləşməsinə rəvac
vermiş olarıq”.
M. Zukerberqin fikrincə, sosial şəbəkənin xəbər lenti hansısa ümumi
baxışın formalaşmasına kömək etməlidir: "Biz qərara gəldik ki, ən
obyektiv üsul hansı mənbələrin daha etibarlı olduğunu müəyyənləşdirməkdə
istifadəçilərə güvənməkdir”.
Sosial şəbəkə rəhbəri qeyd edib ki, ictimai rəyin müntəzəm öyrənilməsi
çərçivəsində "Facebook” əməkdaşları insanlardan bu və digər
informasiyanın mötəbərliyini qiymətləndirməyi xahiş edəcək. Cavablar
əsasında reytinq müəyyənləşdirəcək və reytinqin liderləri xəbər lentinə
buraxılacaq.
M. Zukerberq xəbər mənbələri ilə tanış olmayan insanların mövqeyinin nəzərə alınmayacağını söyləyib.
Lent.az