Xəzər Xəbər

“Eurovision” mahnı müsabiqəsində Avstriyanı müğənni Sezar Sempson təmsil edəcək

Şou Biznes | 14:09 • 5 Dekabr 2017
“Eurovision” mahnı müsabiqəsində Avstriyanı müğənni Sezar Sempson təmsil edəcək

Avstriyanın Lints şəhərində doğulmuş müğənni, prodüser və mətn yazarı Sezar Sempson gələn ilin may ayında Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək 63-cü "Eurovision” mahnı müsabiqəsində ölkəsini təmsil edəcək. Ötən illərdə olduğu kimi bu il də Avstriya təmsilçisi açıq müsabiqə əsasında deyil, musiqi ekspertlərindən ibarət jürinin seçimi əsasında müəyyənləşib.


AZƏRTAC xəbər verir ki, 34 yaşlı musiqiçinin seçimində onun "Eurovision” təcrübəsi də nəzərə alınıb. Belə ki, S.Sempson prodüser və mətn yazarı kimi səhnə arxasında beynəlxalq mahnı müsabiqəsində iştirak edib. Onun da üzvü olduğu "Symphonics” prodüser qrupunun bu il Kiyevdə ikinci yerə layıq görülən Bolqarıstan təmsilçisi Kristian Kostovun uğurlu nəticə qazanmasında payı olub. Bu il isə yarışmaya solo ifayla qatılacaq S. Sempson öz musiqiçi keyfiyyətlərini artıq səhnədə nümayiş etdirəcəkdir.


Musiqiçinin özü tərəfindən yarışda ifa üçün yazılan mahnı gələn ilin əvvəlində ictimaiyyətə təqdim ediləcək.


Avstriya Teleradiosunun (ORF) verilişlər proqramı üzrə direktoru Katrin Tsexner jürinin qərarını yüksək qiymətləndirərək bildirib ki, Sezar Sempsonun "ritm, insan, səs” vəhdətinə sadiq musiqiçi kimi ona bəslənən ümidləri döğruldacaqdır.


43 ölkənin təmsilçilərinin qatılacağı 63-cü "Eurovision” mahnı müsabiqəsinin ilk yarımfinalı mayın 8-də, ikinci yarımfinal isə mayın 10-da baş tutacaqdır. Mayın 12-də keçiriləcək böyük finalda isə beynəlxalq yarışmanın növbəti qalibi müəyyən ediləcək.

Xəbər lenti