Xəzər Xəbər

Ağacların kəsilməsinə görə cinayət işi açılıb

Region | 15:24 • 21 Yanvar 2022
Ağacların kəsilməsinə görə cinayət işi açılıb

Öz qanunazidd əməlləri ilə ölkəmizdəki ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan şəxslərə qarşı prokurorluq orqanları tərəfindən ardıcıl mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, müxtəlif ərazilərdə ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırmalar aparılıb.

Aparılmış araşdırmalar nəticəsində, İsmayıllı və Goranboy rayonlarında, həmçinin Şirvan şəhərində qanunvericiliyin tələblərinə əsasən dövlət qurumlarının və bələdiyyələrin yaşıllıqların mühafizəsinə yönəlmiş nəzarət və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə əlaqədar üzərlərinə düşən vəzifələrin yerinə yetirilməməsi, habelə aidiyyəti vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində ümumilikdə 56 ədəd ağacın qanunsuz kəsilərək təbiətə 14 min 630 manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq aidiyyəti üzrə İsmayıllı və Xocalı rayon, o cümlədən Şivan şəhər prokurorluğuna göndərilib.

Hazırda cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğu vətəndaşlarımızdan yaşıllıqların mühafizəsi ilə əlaqədar qanunvericiliyin tələblərinə dönmədən riayət edilməsini, zəruri hallarda müvafiq icazələrin alınması üçün səlahiyyətli dövlət qurumlarına müraciət edilməsini tövsiyə edərək qeyd edir ki, ətraf mühitin mühafizəsi sahəsində qanun pozuntularına yol verilməsi hallarına qarşı bundan sonra da ən ciddi mübarizə tədbirləri davam etdiriləcək.

İmsak və İftar vaxtı 2022

Xəbər lenti