Xəzər Xəbər

Cocuq Mərcanlıda yaradılan arıçılıq təsərrüfatlarında ilk məhsul götürülüb - FOTO

Region | 13:58 • 13 Sentyabr 2018
Cocuq Mərcanlıda yaradılan arıçılıq təsərrüfatlarında ilk məhsul götürülüb -

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin inkişafı daim diqqət mərkəzində saxlanılır, kənd sakinlərinin məşğulluğunun təmin edilməsi və sosial rifahın yaxşılaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir. Belə layihələrdən biri İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə kənddə arıçılıq təsərrüfatlarının yaradılmasıdır.


Layihə çərçivəsində Cocuq Mərcanlıda 15 ailəyə hər birinə 10 arı ailəsi olmaqla, 150 arı ailəsi verilib. Arı təsərrüfatlarının hər biri gələcəkdə təsərrüfatın genişləndirilməsi üçün əlavə 10 ədəd yeşiklə, həmçinin arıçılıq avadanlıqları və materiallarla (gəzdirmə qutusu, qəfəs, fırça, əl dəmiri, körük, arıçı libası və sair), xəstəliklərə qarşı dərman vasitələri ilə təmin olunub. Kənd sakinlərinə arı ailələrini bəsləmək üçün kurslar keçilib, maarifləndirici vəsait verilib. Arıçılığın sirlərinə yiyələnən sakinlər artıq pətəklərdən ilk bal da götürüblər.


Layihənin əhəmiyyətini yüksək qiymətləndirən kənd sakini Zamin Həziyev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: "Kəndimizdə arıçılığın inkişaf etdirilməsi üçün gözəl şərait var. Ərazidə yaz-yay mövsümündə qanqal, biyan, yulğun, böyürtkən, yonca kimi balverən bitkilər çoxluq təşkil edir. Bu isə arıçılığın inkişafına inkan verir. Kənddə arıçılıq təsərrüfatlarının yaradılması əhalinin məşğullunun təmin olunmasına töhfə verəcək. Cocuq Mərcanlı kəndinin sakinlərinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığımı bildirirəm".


Kəndin digər sakini İlkin Təbrizli isə bildirib ki, arıçılıqla bağlı təcrübəsi olsa da, təsərrüfat yaratmağa imkanı yox idi: "Sağ olsun dövlətimiz, kənddə belə təsərrüfatlar yaradıldı. Arı pətəkləri iki aydır sakinlərə verilib. Artıq pətəklərdən ilk məhsul da əldə etmişik. Hər yeşikdən 5-6 kiloqram bal götürmüşük. Arı xəstəliklərinə qarşı profilaktik tədbirlər də görülüb. Əminəm ki, gələcək illərdə arılar daha məhsuldar olacaq və balla yanaşı, digər arıçılıq məhsulları da istehsal edəcəyik".

Xəbər lenti