Xəzər Xəbər

60 mindən çox qızıl balıq Xəzərə buraxılıb - FOTO

Region | 10:04 • 13 Yanvar 2018
60 mindən çox qızıl balıq Xəzərə buraxılıb -

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin su hövzələrində bioloji resursların artırılması və mühafizəsi departamentinin Qəbələ Qızıl Balıqartırma Zavodunda yeni kürüalma mövsümü davam edir. Zavodda Kür qızıl balığı, əlvan rəngli qızıl balıq, yapon fareli və nərə balıqları yetişdirilir. 1956-cı ildə tikilərək istifadəyə verilən bu müəssisə hazırda Xəzər dənizini və ölkədaxili su hövzələrini qızıl balıq növləri ilə təmin edən istehsalat sahəsidir.


AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda zavodda işlərin qızğın çağıdır. Mütəxəssislər ana balıqdan götürdükləri kürünü erkək balıqlardan əldə edilən maya ilə xüsusi qablarda qarışdırırlar. Qızıl balıqlar kürü tökməklə çoxalır və bu balıqların kürüsü suda mayalanır. Kürüdən çıxandan sonra zavodda üç fazada inkişaf dövrünü yaşayan xırda qızıl balıqlar bir il müddətində müxtəlif ölçülü 8 hovuzda bəslənilir. Mütəxəssislər onların yeminə xüsusi diqqət yetirirlər. Zavodda kürüdən çıxan 15 günlük balıqlar 8 qrama çatanadək xüsusi yerdə yetişdirilən "Alaxet" qurdları ilə bəslənilir. Həmçinin balıqlara yerli ət məhsullarından hazırlanan kompleks qida verilir. Onların yem rasionuna qurd sürfəsi, yumurta sarısı, balıq və iri buynuzlu heyvanın çəkilmiş dalaq və qara ciyəri daxildir.


Müəssisə Kür çayının üzərində tikilən elektrik stansiyalarının Xəzərdə yaşayan bir sıra nadir balıqların kürü tökmək üçün Kür çayına keçməsinə mane olduğundan onların nəslinin artırılması məqsədilə yaradılıb. Zavodda 4 növ qiymətli balıq yetişdirilir ki, bunlar ən nadir sortlardır. Rayon balıqyetişdirmə zavodu 2017-ci ildə Kür çayına 60 min 700 qızıl balığın buraxılmasını təmin edib. Ana balıqlardan bu dövrdə 150 min kürü götürülüb. Hazırda zavodda 90 min körpə balıq yetişdirilir. Onların çəkisi 20 qrama qədər artdıqdan sonra Xəzər dənizinə buraxılması üçün adaptasiya olunur. Son mərhələdə dənizə buraxmaq üçün yetişdirilən balıqlar 300 qrama qədər çəkiyə çatdırılır.


Hazırda zavodda ən nadir balıqlardan sayılan nərə balıqlarının kürülərinin alınması üçün elmi təcrübələr aparılır. Bu məqsədlə zavoda gətirilən nərə balıqları artıq üç ildən çoxdur ki, burada bəslənilir. Nərə balıqları 7-8 yaşda kürü verdikləri üçün hələ bir neçə il də bəslənilməlidir. Təcrübələr uğurla nəticələnsə, nərə balıqlarının şirin sularda yetişdirilməsi mümkün olacaq. Belə balıqlar dünya bazarlarında yüksək qiymətə alınır.


Qəbələdə qızıl balıqların yetişdirilməsində ən vacib komponentlərdən biri də bu ərazidə dağ çaylarının olmasıdır. Çünki həssas, lakin yırtıcı sayılan bu balıqlar daim soyuq və tərkibi minerallarla zəngin olan şirin su hövzələrini sevirlər. Nisbətən çəkisi çox olan qızıl balıqlar xırdaları yediyi üçün onlar ayda bir dəfə seçilir və ayrı-ayrı kanallara yerləşdirilir.


Zavodda kürügötürmə prosesi hər il noyabrın 25-dən yanvarın ortalarınadək davam edir. Qızıl balıqlar bir il ərzində yetişdirildikdən sonra Qaradağ rayonunda yerləşən Xəzər Dəniz Təcrübi Balıqartırma Zavoduna göndərilir və orada şirin sudan duzlu suya uyğunlaşma dövrünü keçir. Hər ilin mayında Xəzəryanı dövlətlərin nümayəndələrindən ibarət birgə komissiyanın iştirakı ilə Qəbələ Qızıl Balıqartırma Zavodunda yetişdirilən qızıl balıqlar yoxlanılır. Çəkisi, rəngi və uzunluğu dövlət standartına uyğun gələn balıqlar komissiyanın rəyi əsasında Xəzər dənizinə buraxılır.


Qeyd edək ki, Qəbələdəki balıqartırma zavodu tərəfindən son 18 il ərzində 900 mindən çox qızıl balıq yetişdirilərək Xəzər dənizinə və Kür çayına buraxılıb. Balıqartırma sənayesində Azərbaycan Xəzər regionunda Rusiyadan sonra ikinci yeri tutur.

Xəbər lenti