Xəzər Xəbər

İşğaldan azad olunmuş rayonların inkişafı ilə bağlı təkliflər var

İqtisadiyyat | 10:38 • 21 Dekabr 2020
İşğaldan azad olunmuş rayonların inkişafı ilə bağlı təkliflər var

"İşğaldan azad olunan rayonlarımızın iqtisadi və sosial inkişafı üzrə konsepsiyanın hazırlanması başa çatmaqdadır. Sənədin yaxın zamanlarda ictimaiyyətə təqdim olunması gözlənilir". 


Xezerxeber.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov məlumat verib. 


O deyib ki, konsepsiyada həmin ərazilərimizin inkişafı üçün təşviqedici tədbirlərin nəzərdə tutulacağı gözlənilir: "Bütövlükdə, işğaldan azad olunan rayonlarımızın inkişafı üçün həm o ərazilərimizdə məskunlaşacaq sakinlərimiz, həm də sahibkarlar üçün xüsusi güzəştlərin nəzərdə tutulmasına ehtiyac var".

İqtisadçı alim hesab edir ki, sahibkarlar üçün vergi güzəştlərinin tətbiqi və eləcə aşağı faizli kreditlərə çıxış imkanlarının genişləndirilməsi məqsədəuyğundur. Onun sözlərinə görə, müddətli vergi təşviqi daha çox özəl və xarici sərmayənin cəlbinə imkan yarada bilər: "Rayonlarda fəaliyyət göstərən sahibkarlar üçün maliyyə resurslarına əlçatanlığın əsas çətinliklərdən biri olduğunu nəzərə alsaq yeni girov mexanizmi ilə aşağı faizli kredit təklifinin artırılmasına ehtiyac var. Nəzərə almaq lazımdır, sərt girov şərtləri səbəbindən kommersiya banklarının kreditlərinin 80 faizi Bakı şəhərinin payına düşür. Bankların hər 100 manat kreditinin cəmi 20 manatı rayonlara yönəlir. İqtisadiyyat Nazirliyinin elektron kredit portalı ilə alınan məhsulun özünün girov olması vasitəsi ilə kredit təklifi mexanizminin tətbiqini nəzərə alsaq oxşar modelin istifadə arzuolunan olardı. Eyni zamanda, yeni yaradılacaq iş yerlərində yerli sakinlər üçün kvotaların müəyyənləşdirilməsi, özünü məşğulluq proqramının genişləndirilməsi kimi tədbilərin də nəzərə alınması məskunlaşmadan sonra o bölgələrdə yaşayacaq vətəndaşlarımız üçün yeni imkanlar yarada bilər. Bütövlükdə, Azərbaycan yeni quruculuq mərhələsinə qədəm qoyur. Bu mərhələdə yalnız büdcə deyil, eyni zamanda özəl mənbələr hesabına işğaldan azad olunan torpaqlarımızın böyük iqtisadi potensialının reallaşacağı gözlənilir".

Xəbər lenti