Nazirlər Kabinetinin "Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
ASCO-dan bildirilib ki, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri QSC-nin Xəzər Dəniz Neft Donanmasına aid Liman-bazada, Şimal və Damba körpülərində və orada dayanan gəmilərdə, eləcə də "Bibiheybət” gəmi təmiri zavodunda aparılıb. Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial İnkişaf və Nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.
Koronavirusla bağlı ASCO-nun struktur idarələrində əməkdaşlar arasında maarifləndirmə tədbirləri də davam etdirilir.
Həmçinin şirkətdə rəhbər şəxslərdən ibarət qərargah və (050) 274-30-82 nömrəli "qaynar xətt” də fəaliyyət göstərir.