Xəzər Xəbər

ABŞ-ın İrana qarşı yeni sanksiyaları neftin qiymətini minimuma endirdi

İqtisadiyyat | 12:04 • 5 Noyabr 2018
ABŞ-ın İrana qarşı yeni sanksiyaları neftin qiymətini minimuma endirdi

Neftin qiyməti bu gündən ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsinin qüvvəyə minməsi fonunda son 2,5 ayın minimumuna düşüb.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, günün əvvəlində "Brent” markalı neftin bir barrelinin qiyməti 72,20 dollara enib. Bu, "Brent”in qiymətinin cari il avqustun 21-dən indiyədək ən aşağı səviyyəsidir. "Light” markalı neftin qiyməti isə 62 dollar/barrelədək geriləyib.


Birləşmiş Ştatların rəsmi Tehrana qarşı sanksiyalarının ikinci paketi əsasən İran Milli Neft Şirkəti (NIOC) və Milli Tanker Şirkəti (NITC) daxil olmaqla İrandan neft, neft məhsulları və neft-kimya məhsullarının satışına beynəlxalq məhdudiyyətləri əhatə edir. Altı maddədən ibarət olan sanksiyalar, həmçinin İranın liman operatorları, yük və gəmiqayırma sektorunu, gəmiçilik şirkətləri və digər əlaqədar qurumları, maliyyə sektorunu, nəqliyyat və sığorta şirkətlərini, eləcə də İranın enerji sektorunu hədəf alıb.


Bundan başqa, ABŞ OPEC-in ən böyük üçüncü neft istehsalçısı olan İrana qarşı sanksiyalarda 8 ölkəyə güzəştə gedib. Həmin ölkələrin İrandan ən çox neft alan Çin, Hindistan, Koreya Respublikası, Türkiyə, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Yaponiya və Tayvan olduğu bildirilir. Lakin buna baxmayaraq ABŞ İranın sutkalıq neft ixracının 1 milyon barrel azalacağını gözləyir.


Ekspertlər hesab edir ki, qlobal iqtisadiyyatdakı yavaşlamaya dair narahatlıqlar və artan neft tədarükü "qara qızıl”ın qiymətinin aşağı istiqamətli dəyişməsinə səbəb olur.


Hazırda "Brent” neftinin bir barreli Londonun ICE birjasında 72,65 dollara, "Light” nefti isə Nyu-Yorkun NYMEX birjasında 62,83 dollar/barrelə alıcı axtarır.

Xəbər lenti