Prezident İlham
Əliyevin İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsində ediləcək
dəyişikliklərlə bağlı fərmanı fondun fəaliyyətinin təkmilləşdirilməsi və
eyni zamanda ipotekaya əl çatanlığın artırılması baxımından olduqca
önəmlidir.
Bunu AzVision.az-a
əmlak eksperti Ramil Osmanlı ipoteka kreditləri ilə bağlı fərmanı şərh
edərkən deyib. O bildirib ki, fərmanda iki mühüm məqamı xüsusi qeydə
etmək lazımdır.
"Birinci məsələ, İpoteka və Kredit Zəmanət
Fondunun, eyni zamanda müvəkkil olan bankların, borc alanların vergi
öhdəliklərindən azad edilməsidir. Bu, çox vacibdir. İkinci məsələ,
fondun yaşayış sahələrini alıb kirayə verməsidir. İkinci məsələ ilə
bağlı beynəlxalq praktikada müəyyən forma və qaydalar var. Bunun
Azərbaycana tətbiq olunacağı və ya necə tətbiq olunacağı məlum deyil,
indidən bu məsələyə şərh verməyimiz düzgün olmaz. Burada detallarla şərh
olunacaq məqam yoxdur. Hələlik müddəalardan ibarətdir. Nazirlər Kabineti
və digər icra hakimiyyəti orqanları fərmandan irəli gələn məsələlərlə
bağlı təqribən iki ay müddətində təkliflərini hazırlayıb hökümətə təqdim
etməlidir”.
R.Osmanlı qeyd edib ki, kirayə məsələsi əsasən fond vəsaitlərindən istifadə edən qruplar üçün əlverişlidir.
"Beynəlxalq
praktikada kirayə mənzillərin verilməsinin müxtəlif tətbiq nöqtələri
var. 3 il müddətinə hər hansı mənzilin ipoteka formasında alınıb kirayə
verilməsini nəzərdə tutur. Amma Azərbaycanda bunun necə tənzimlənəcəyi
hələlik məlum deyil. Ola bilsin ki, bu qayda başqacür olacaq. Bəlkə də
İpoteka Fondu mənzili alıb onu 3 il müddətinə deyil, 10 il müddətinə
kirayə verəcək. Bu məsələ barədə qaydalar tənzimlənmədən əsaslı fikir
söyləmək çətindir”.
R.Osmanlı bildirib ki yeni dəyişiklər ipoteka
kreditlərinin faiz dərəcələrinin azaldılmasına xidmət etmir. Faiz
dərəcələrinin azaldılması İpoteka və Kredit Zəmanət Fondunun Müşahidə
Şurasının səlahiyyətində olan məsələdir.
"Müşahidə Şurası
müəyyən məqamlarda zərurət yarandıqda öz yığıncaqlarında bu məsələyə
baxa bilər. Düşünürəm ki, fond və maliyyə bazalarında baş verən
proseslər, getdikcə bazarda şərtlərin dəyişməsi yaxın gələcəkdə bu
məsələni zəruri edəcək. Faiz dərəclərinin aşağı salınması istiqamətində
fond hansısa qərarlar qəbul edəcək. Çünki ipoteka kreditlərinin
verilməsinə 2007-ci ildən başlanılıb. 2007-ci ildən bu yana qədər faiz
dərəcələri dəyişməyib. Halbuki, 2007-ci ildən bu günə qədər daşınmaz
əmlakın bazar qiymətlərində iki dəfədən artıq qiymət dəyişməsi baş
verib. Eyni zamanda bazarda çox ciddi dəyişiklər olub. Zənnimcə, yaxın
gələcəkdə bu məsələyə baxılacaq”.
Qeyd edək ki, ötən gün prezident İlham Əliyev
"Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri
haqqında” fərmanda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Dəyişikliyə əsasən qaydalarda ipoteka kreditinin restrukturizasiyası ilə
bağlı məsələlərin müəyyənləşdirilməsi öz əksini tapıb.
Fərmana
əsasən, ipoteka kreditinin verilməsinə dair tələblərdə də dəyişiklik
olub. Belə ki, kredit, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına və
ya qabaqcadan qeydiyyata alınmış yaşayış sahəsi ilə yanaşı, Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barəsində təminat qeydi
aparılmış tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində
tərkib hissələrin bağlı olduğu payın alınmasına veriləcək. Fondun İdarə
Heyəti ipoteka kreditləri üzrə risklərin idarə edilməsi, ipoteka ilə
yüklü edilən yaşayış sahələrinin likvidliyinin təmin olunması məqsədilə
yaşayış sahəsinin ilkin və ya təkrar bazarda alınmasından asılı olaraq
yaşayış sahəsinə dair (tikildiyi il, layihəsi, istismar vəziyyəti,
yerləşmə yeri və s.) əlavə tələbləri və bu qaydanın 3.1.6-cı və 3.1.7-ci
yarımbəndləri nəzərə alınmaqla, kreditin məbləği və kredit üzrə illik
faiz dərəcələrinə dair şərtləri müəyyən edəcək.