"2017-ci ildə monetar
şərait əsasən fiskal sektorun və bank sisteminin likvidliyə olan
ehtiyaclarının təsiri altında formalaşıb”.
XəzərXəbər-in
verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri
Elman Rüstəmov ilin yekunları ilə bağlı iclasda çıxışı zamanı bildirib.
O, qeyd edib ki, pul siyasəti alətləri inflyasiya və pul təklifi üzrə
hədəflər, eləcə də pul siyasətinin transmissiyası xüsusiyyətləri nəzərə
alınmaqla tətbiq edilib:
"2017-ci ilə pul siyasətinin əsas
əməliyyat hədəfi olan manatla pul bazası 8,7% artıb ki, bu da qeyri-neft
sektoru üzrə iqtisadi artım tempini əhəmiyyətli üstələyir. İl ərzində
iqtisadiyyatda ödənişlərin vaxtlı-vaxtında həyata keçirilməsi üçün daim
kifayət qədər pul olub. Dəyər ölçüsü və ödəniş vasitəsi funksiyası ilə
yanaşı, hesabat ilində manat müəyyən qədər yığım vasitəsi funksiyasını
da bərpa etməyə başlayıb. Valyuta bazarında təklifin tələbi üstələməsi
şəraitində manat ilin əvvəlindən 4% möhkəmlənib ki, bu da inflyasiya
gözləntilərinə və dollarlaşmaya azaldıcı təsir göstərib”.
Nazirlər Kabinetinin
2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran
vəzifələrə həsr olunmuş iclasında Azərbaycan prezidenti İlham Əliyevin
ölkənin makroiqitisadi vəziyyəti və sosial-iqtisadi inkişafına dair
qaldırdığı məsələləri çıxışında önə çəkən E.Rüstəmov bildirib ki, yeni
qlobal iqtisadi reallıqlara uyğun olaraq son illərdə həyata keçirilən
davamlı stabilləşdirmə tədbirləri nəticəsində ölkədə makroiqtisadi
sabitlik və dayanıqlığın əsasları yaradılıb. Tədiyə balansı tarazlaşıb,
valyuta ehtiyatlarına təzyiq azalıb, milli valyutanın xarici dəyəri
sabitləşib və inflyasiya gözləntiləri nisbətən səngiyib. Bu müsbət
nəticələr dərin makroiqtisadi manevr və çevik koordinasiya olunmuş
makroiqtisadi siyasət çərçivəsinin tətbiqi sayəsində mümkün olub.
E.Rüstəmov qeyd edib ki, prezident İlham Əliyev
ölkədə makroiqtisadi vəziyyətin sabitləşdiyini, inflyasiyanın
səviyyəsinin aşağı olmasını, eləcə də manatın məzənnəsinin sabit
olduğunu vurğulayıb və ölkənin hərtərəfli inkişafı ilə bağlı bir sıra
mühüm göstərişlər verib. Bununla əlaqədar, Mərkəzi Bankın 2017-ci ilin
yekunlarına həsr olunmuş toplantısının əsas məqsədinin həm ötən ilin
yekunlarını qiymətləndirmək, həm də son müşavirədə cənab Prezidentin
tapşırığından irəli gələn vəzifələri müəyyənləşdirmək olduğunu
bildirib. Vurğulanıb ki, 2017-ci ildə Mərkəzi Bank yeni pul siyasəti
rejimi çərçivəsində makroiqtisadi dayanıqlığa yönəldilmiş siyasət həyata
keçirib, siyasət faiz dərəcəsi və pul təklifi mənbələri makroiqtisadi
sabitlik və milli iqtisadiyyatın inkişafının təmin edilməsi hədəflərinə
uyğun şəkildə tənzimlənib.
Onun sözlərinə görə, 2017-ci ildə
makroiqtisadi sabitlik meyillərinin yaranması qeyri-neft sektorunda
iqtisadi artımın bərpasına şərait yaradıb. Belə ki, ötən il qeyri-neft
sektorunda ümumi daxili məhsul real olaraq 2,7% artıb. Xarici tələblə
yanaşı daxili tələb iqtisadi artımda mühüm rol oynayıb, dövlət büdcəsi
xərcləri daxili tələbə təsir edən mühüm amillərdən biri olub.
"2017-ci ildə inflyasiya gözləntiləri stabilləşib. Dövlət Statistika Komitəsinin
məlumatına görə valyuta bazarının sabitləşməsi, hətta manatın
məzənnəsinin möhkəmləndiyi şəraitdə inzibati qiymətlərin və dünya ərzaq
qiymətlərinin artması, bir sıra əmtəə qrupları üzrə tələb-təklif
nisbətinin dəyişimi inflyasiyanın səviyyəsinə təsir edən başlıca amillər
olub”, -deyə E.Rüstəmov vurğualyıb.