Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.
XəzərXəbər Dövlət Komitəsinə istinadən xəbər verir ki, hərracda kiçik dövlət
müəssisələri və qeyri-yaşayış sahələri yeni sahibini tapıb. Onların bir
qisminin fəaliyyətini genişləndirməklə yaxşı qazanc əldə etmək
mümkündür. Məsələn, Göygöl
şəhərindəki 2 saylı hamam xidmət sahəsində gəlirli hesab olunur. Adı
çəkilən əmlakın ümumi faydalı sahəsi 500 kv.m-ə yaxın, torpaq sahəsi isə
1500 kv.m-dən çoxdur.
Obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilib. Bundan başqa, Bakının
Sabunçu rayonunda yerləşən 4 saylı qeyri-yaşayış sahəsi də əlverişli
obyektlərdəndir. Həmin əmlakın ümumi faydalı sahəsi 2 min kv.m-dən çox,
torpaq sahəsi isə 4 500 kv.m-ə yaxındır. Hərracda özəlləşdirilmiş daha
bir istifadəsiz qeyri-yaşayış sahəsi Kürdəmir rayonunda yerləşir. Həmin əmlakın ümumi faydalı sahəsi 133,2 kv.m-dir.
Qeyd
edək ki, özəlləşməyə çıxarılan dövlət əmlakları çoxçeşidlidir. Bura iri
müəssisələrlə yanaşı, kiçik obyektlər və nəqliyyat vasitələri daxildir.
Müəssisələr sənaye, tikinti, xidmət, nəqliyyat və digər iqtisadi
sahələri əhatə edir. Belə əmlaklar sahəsi, mövcud vəziyyəti və
yerləşdiyi zonadan asılı olaraq müxtəlif start qiyməti ilə təklif
olunur.
Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin
rəsmi saytına (e-emdk.gov) və ya "Elektron Hökumət Portalı”na (e-gov.az
) daxil olaraq müvafiq bölməni seçir. Sifariş verdiyi əmlakın ilkin
satış qiymətinin 10% məbləğində behi ödəyir. Behi ödənildikdən sonra
istifadəçiyə təsdiqetmə bildirişi təqdim edilir və təhlükəsizlik kodu
poçt ünvanına göndərilir.