Mənzil İnşaatı Dövlət Agentliyinin
(MİDA) sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan
vətəndaşların mövcud kateqoriyalarından biri genişləndirilib və daha bir
yeni kateqoriya əlavə olunub.
MİDA-dan XəzərXəbər-ə verilən məlumata görə, "ən azı 15 il dövlət qulluğunda qulluq edən
şəxs" adlı mövcud kateqoriya yeni redaksiyada həmçinin "ən azı 15 il
dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxsləri" də əhatə edəcək.
Bununla yanaşı, yeni - "ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər"
kateqoriyası da əlavə olunub. Hər iki kateqoriyaya aid olan vətəndaşlar
yaşından və ailə vəziyyətindən asılı olmayaraq güzəştlə mənzil əldə
etmək hüququndan yararlana biləcəklər.
MİDA yenilənmiş kateqoriyalara aid bütün vətəndaşların müraciətlərini
qəbul etmək məqsədilə "Güzəştli mənzil" elektron sisteminin
təkmilləşdirilməsi işini davam etdirir. "Ən azı 15 il dövlət qulluğunda
qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən
şəxlər" adlı yenilənmiş kateqoriyaya aid vətəndaşların müraciətlərinin
qəbuluna artıq start verilib. Müraciətlər "Elektron hökumət” portalında
(www.e-gov.az) yaradılmış "Güzəştli mənzil" sistemi vasitəsilə və ya
Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı "ASAN xidmət" mərkəzlərində və
Sumqayıt "ASAN xidmət" mərkəzində qəbul olunur.
"Güzəştli mənzil" elektron sistemində davam edən dəyişikliklər və
müvafiq inteqrasiya işləri tamamlandıqdan sonra "ən azı 3 il elmi
vəzifədə işləyən elmi işçilər" adlı kateqoriyaya aid vətəndaşların da
müraciətlərinin qəbulu başlayacaq. Müvafiq texniki işlər başa
çatdırıldıqda "ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər"
kateqoriyasına aid şəxslərin müraciətlərinin qəbulunun başlanma tarixi
barədə əlavə məlumat veriləcək.
Hər iki yeni kateqoriyaya aid şəxslər müraciət edərək "Güzəştli mənzil”
sistemində elektron kabinetə sahib olduqda MİDA-nın bütün layihələri
çərçivəsində inşa olunan güzəştli mənzillərin satışı zamanı artıq
qeydiyyatdan keçmiş digər kateqoriyalara aid vətəndaşlarla bərabər
hüquqlara malik olacaqlar.