Xəzər Xəbər

Füzuli Məmmədov: Buraxdığımız kobud səhvlər məğlubiyyətə gətirib çıxardı

İdman | 08:57 • 18 Sentyabr 2020
Füzuli Məmmədov: Buraxdığımız kobud səhvlər məğlubiyyətə gətirib çıxardı

Oyuna çox ciddi hazırlaşmışdıq və yaxşı köklənmişdik. Meydana qələbə üçün çıxmışdıq. Bu cür komandalara qarşı daha diqqətli oynamaq lazım idi.


Xezerxeber.az xəbər verir ki, bunu UEFA Avropa Liqasının II təsnifat mərhələsində sentyabrın 17-də Bakı Olimpiya Stadionunda Türkiyənin "Qalatasaray” komandasına 1:3 hesabı ilə məğlub olan Bakının "Neftçi” klubunun baş məşqçisi Füzuli Məmmədov oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.


Bildirib ki, futbolçularımız zmkarlıq göstərdilər, qələbə qazanmaq üçün əziyyət çəkdilər. Buraxdığımız kobud səhvlər məğlubiyyətə gətirib çıxardı. Artıq qarşıdakı oyunlara hazırlaşmalıyıq.


"Qalatasaray”ın orta xəttinin çox güclü olduğunu bildiklərini deyən baş məşqçi qeyd edib ki, planımız daha yığcam oynamaq, rəqibin səhvlərindən istifadə edib əks-hücumlar qurmaq idi. İlk hissədə bir-iki əks hücumumuz oldu ki, istifadə edə bilərdik. Rəqibin mərkəzdəki oyunçuları özlərini kompakt hiss etmirdilər, çünki yığcam oynayırdıq. Qurduğumuz plan rəqibin rahat oynamasına imkan verməmək idi. Bir əks-hücumdan da fərqlənə bilərdik. Bu gün kobud səhvlərə görə uduzduq.


"İlk dəqiqələrdə həyəcan ola bilər. İkinci hissədə qol vurduqdan dərhal sonra top buraxmaq üzücüdür. Prins İbara tapşırıqları maksimum yerinə yetirməyə çalışdı. Bir qol fürsəti oldu, amma Saman Nərimancahana ötürmə verdi. Bunu özünə də dedim. Fikrimcə, qarşıda daha yaxşı oynayacaq. Səlahət Ağayevin dirsəyində zədəsi var, məşq etmir. Yaxın günlərdə kollektivə qoşulacaq. Monroza gəlincə, "Sumqayıt”la görüşdə də sonradan meydana çıxmışdı. Zədəli idi, iynə ilə çıxış etmişdi. Bu həftə bizimlə məşq etməmişdi deyə, qərara aldıq ki, tam müayinə olsun. Həkimlərin dediyinə görə, tezliklə komandaya qoşulacaq”, - deyə F.Məmmədov əlavə edib.


Mütəxəssis bildirib ki, bizi "Qarabağ”la çətin oyun gözləyir. Həmin görüşə də meydana qalib gəlmək üçün çıxacağıq. Yusuf Lavalın keyfiyyətlərini bura gəlməzdən əvvəl bilirdim. Onun fərdi keyfiyyətləri çox yaxşıdır. Sadəcə, yeni futbolçulara bir az zaman lazımdır. Vaxt keçdikdə bu oyunçular da kollektivə tam uyğunlaşacaqlar. Pandemiya digər komandalar kimi, bizə də təsir etdi. Qarşıdakı oyunlara psixoloji cəhətdən hazır olmağa çalışacağıq”.


Qeyd edək ki, "Neftçi” komandası "Qalatasaray”a 1:3 hesabı ilə məğlub olaraq UEFA Avropa Liqasında mübarizəni dayandırıb. Koronavirus pandemiyası ilə əlaqədar UEFA-nın qərarı ilə digər oyunlar kimi, bu qarşılaşma da azarkeşsiz keçirilib. "Qalatasaray” növbəti mərhələdə "Renova”nı (Şimali Makedoniya) 1:0 hesabı ilə məğlub edən Xorvatiyanın "Hayduk” komandası ilə üz-üzə gələcək. "Neftçi” I təsnifat mərhələsində Makedoniyanın "Şkupi” komandasını mübarizədən kənarlaşdırıb. "Qalatasaray” isə seçmə mərhələyə II təsnifat mərhələsindən qoşulub.

Xəbər lenti