Xəzər Xəbər

Daha bir mövsüm oynayacam "Qarabağ"ın kapitanı

İdman | 12:49 • 23 Aprel 2018
Daha bir mövsüm oynayacam

Topaz Premyer Liqasının 24-cü turunda "Qarabağ" səfərdə "Sumqayıt"ı 1:0 hesabıyla məğlub edərək ardıcıl 5-ci, ümumilikdə 6-cı çempionluğunu əldə etdi.

Oyundan sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqov jurnalistlərə müsahibə verib. Təcrübəli müdafiəçi öncə oyun haqda danışıb:

- "Qarabağ” azarkeşlərini, futbolçuları, məşqçiləri, rəhbərliyi bu münasibətlə təbrik edirəm. Gərgin mövsüm keçdi. Paralel olaraq Çempionlar Liqasında da mübarizə apardıq. Sevindirici haldır ki, komanda arxayınlaşmadı, sona qədər mübarizə apardı. 4 dəfə ardıcıl çempion olmuşduq, bu mövsüm də zəfəri arzulayırdıq. Şükürlər olsun ki, istəyimizə nail olduq.

- Çempionluqda sənin üçün nə özəl oldu?

- Özəllik o oldu ki, Çempionlar Liqasında da çıxış etdik. Paralel şəkildə hazırlaşdıq. Mövsüm gərgin keçdi. Sona 4 tur qalmış çempion olduq və sevinirik.

- Sona 4 tur qalıb. Komandanın tonusdan düşməməsi üçün nə edəcəksiz?

- Buna məşqçilər korpsusu qərar verəcək. Qarşıda 1 ay var. Məşq edəcəyik, oyunlara hazırlaşacağıq. Məşqçilərin qərarlarına riayət edəcəyik.

- Qış fasiləsindən sonra "Qarabağ” üçün daha asan keçdi...

- Mən bunun əksini düşünürəm. Qış fasiləsindən sonra daha ağır oldu. Rahatlıqla qalib gələ bilmirdik. Ya 1:0 hesabıyla udurduq, ya da heç-heçə edirdik. Klublar qışda gücləndilər və daha istəkli oynadılar. Autsayderlər belə asan təslim olmur.

- Bu mövsüm karyeranı başa vuracaqsan?

- Tam qərar verməmişəm. Amma böyük ehtimalla, daha bir mövsüm oynayacam.

- Milli karyeranı bərpa edəcəksən?

- Bu, gündəmdə deyil.

- Çempionluqdan bezməmisiz?

- Xeyr. Hər il çempion olmaq istəyirik.

Xəbər lenti

Çox oxunanlar