Xəzər Xəbər

"Bu adam dəlidirsə, niyə ailəsi var?" - Bakıda qətl törədən şəxs məhkəməyə gətirilmir

Hadisə | 444 | 11:18 • 25 İyul 2021
"Bu adam dəlidirsə, niyə ailəsi var?" - Bakıda qətl törədən şəxs məhkəməyə gətirilmir

Qətl törətməkdə ittiham olunan 1978-ci il təvəllüdlü İbrahimov Heydər Məhəmməd oğlunun cinayət işi üzrə məhkəmə araşdırması keçirilir. Məhkəmədə məlum olub ki, Heydər İbrahimov qətli törədən zaman anlaqsız vəziyyətdə olub. Hazırda da özünü idarə edə bilmir.

XəzərXəbər Musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan Heydər İbrahimovun cinayət işi üzrə məhkəmə araşdırması keçirilir.

Sonuncu prosesdə məlum olub ki, H.İbrahimov səhhətində olan problemə görə məhkəməyə gətirilmir. Onun psixoloji problemlərinin olduğu, hazırda müalicə müəssisəsinə yerləşdirildiyi bildirilir.

Qətli törədən Heydərin qardaşı Məcid İbrahimov qanuni nümayəndə kimi tanınıb. Məhkəmə prosesi onun iştirakı ilə davam etdirilib.

Məcid İbrahimov dindirilən zaman deyib ki, qardaşı özünü idarə edə bilməyən, psixi problemləri olan şəxs idi. O, qardaşının "dəli" olduğunu da söyləyib.

Qətl hadisəsi Xəzər rayonu Südçülük sovxozu ərazisində baş verib. 1966-cı il təvəllüdlü Məmmədov Canpolad Alı oğlu qətlə yetirilib.

Hadisənin hansı səbəbdən baş verməsinə gəlincə, şahidlərin dediyinə görə tərəflər arasında adi mübahisə olub. Daha sonra Heydər İbrahimov Canpolad Məmmədova çoxsaylı bıçaq zərbələri endirib.

Mərhumun hüquqi varisi, xanımı Güləndam Kazımova da məhkəmədə dindirilib. Deyib ki, hadisənin hansı səbəbdən baş verdiyini bilməyib. Hadisədən sonra onu polisə çağırıblar:

"Mən elə bildim ki, ərimin pasportla bağlı problemi var. Çünki Gürcüstan vətəndaşı olduğu üçün sənəd işləri qaydasında deyildi. Polisə getdim, oradan da morqa".

Güləndam Kazımova deyir ki, Heydər xəstə olduğu halda camaat içinə niyə çıxıb: "Deyirlər ki, bu adam dəlidir, xəstədir. Xəstə, dəli idisə, niyə ailəsi var? Niyə uşaqları var? Niyə müalicəyə göndərilmirdi?"

Heydər İbrahimovun qardaşı Məcid Ibrahimov deyib ki, müalicə uzun müddət idi davam edirdi: "Sonuncu dəfə xəstəxanaya gedəndə qəbul etməmişdilər".

Xəbər lenti