Xəzər Xəbər

Polis veteranlarının köməyi ilə üç mindən artıq cinayətin üstü açılıb

Hadisə | 14:29 • 24 Oktyabr 2018
Polis veteranlarının köməyi ilə üç mindən artıq cinayətin üstü açılıb

Polis veteranları cinayətkarlıqla mübarizəyə layiqli töhfələrini verirlər. Onlar narkotiklərin fəsadları ilə bağlı yeniyetmə və gənclər arasında təbliğatın güclənməsi, dini radikalizmə qarşı mübarizə, azyaşlılar arasında erkən nigah və intihar hallarının qarşısının alınması məqsədilə yerli polis şöbələrinin rəhbərliyi və aidiyyəti xidmətlərin əməkdaşları ilə birgə təhsil müəssisələrində, habelə vətəndaşlarla görüşlər keçirərək hüquqi mövzularda maarifləndirmə işlərini davam etdirirlər.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, cari ilin doqquz ayı ərzində veteranların köməyi ilə respublika üzrə 3247 cinayətin açılması təmin edilib.


Ötən müddətdə polis veteranları şəxsi heyətlə təlim-tərbiyə işinin aparılmasına, gənc əməkdaşların peşə vərdişlərinin artırılmasına, onlarda dövlətə və dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət hissinin formalaşdırılmasına yönəlmiş tədbirlərdə də fəal iştirak ediblər. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, onların zərərli vərdişlərdən uzaq tutulması istiqamətində profilaktik xarakterli tədbirlərin həyata keçirilməsi də daim diqqət mərkəzində saxlanılıb.


Bu dövrdə veteranlar 2610 dəfə respublikanın müxtəlif təhsil müssisələrində (orta məktəblərdə, liseylərdə, kolleclərdə və s.), həmçinin ayrı-ayrı kollektivlərdə vətəndaşlar qarşısında çıxışlar edib, tövsiyələrini veriblər.


Səmərəli və məqsədyönlü fəaliyyətlərinə görə polis veteranlarından bir qrupu Daxili İşlər Nazirliyinin rəhbərliyi və Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən mükafatlandırılıb.

Xəbər lenti

Çox oxunanlar