Ölkədə o cümlədən Bakı
şəhərində mütəmadi vərəm əleyhinə tədbirlər həyata keçirilir. Tədbirlər
ölkə üçün qəbul olunmuş "Milli proqram” əsasında aparılır. Əhali
arasında vərəm əleyhinə tədbirlər istiqamətində sanitar maarifləndirmə
işləri yerinə yetirilir. Vaxtaşırı ilkin tibbi yardım müəssisələrinin
həkim və orta tibb işçiləri ilə mütəmadi maarifləndirici mülahizələr,
söhbətlər aparılır. XəzərXəbər xəbər verir ki, bunu Bakı
şəhərinin Baş Ftiziatrı, tibb elmlər doktoru, professor Yavər Şıxəliyev
bildirib. Onun sözlərinə görə, müəssisələrə vərəm əleyhinə tədbirlərə
aid maarifləndirici plakatlar, bukletlər və s. paylanılır. İlkin tibbi
yardım müəssisələrinin ərazisində yerləşən bağçalarda, ümumi təhsil və
ali təhsil müəssisələrində hər il vərəm xəstəliyinin erkən aşkarlanması
üçün kütləvi və fərdi tuberkulin diaqnostikası yerinə yetirilir.
"Əhalinin
mütləq müayinə olunmalı olan qrupları; müəllimlər, bağça işçiləri,
ictimai iaşə işçiləri və s. mütəmadi olaraq tibbi müayinədən o cümlədən
vərəm əleyhinə müayinədən keçirlər. Vərəm xəstələri vərəm əleyhinə
keyfiyyətli dərmanlarla pulsuz şəkildə tam təmin olunurlar. Vərəm
müəssisələrinin material-texniki bazalarının vəziyyətivə bu
müəssisələrin bronx-ağ ciyər xəstəliklərinin diaqnostik imkanları yüksək
səviyyədədir. Bu müəssisələrdə ən müasir rentgen-tomoqrafik aparatlarla
müayinələr və vərəmin tez aşkarlanması üçün möhtəviyyatların
molekulyar-genetik səviyyədə bakterioloji müayinələri aparılır. Son
nəticədə 2017-ci ildə Bakı şəhərində vərəmlə ilkin xəstələnmələrin səviyyəsi keçmiş Sovetlər birliyinə daxil olan ölkələrdən 4-5 dəfə aşağıdır".
O, qeyd edib ki, Bakı
şəhərinin Yasamal və Nəsimi rayonlarında uzun illər aparılan vərəm
əleyhinə tədbirlər nəticəsində ilkin xəstələnmənin səviyyəsi ölkəmizin
digər bölgələrindən 4 dəfə aşağıdır:
"Ona görə də Yasamal və
Nəsimi, eləcə də ölkənin digər bölgələri haqqında xəstəliyin yayılması
barədə yayılan yalnış informasiyalar əsassızdır. Belə qərəzli
informasiyalar uşaq, yeniyetmə və gənclərin müayinələrdən
yayındırılmasına xidmət edir. Hər il digər bölgələrdə olduğu kimi
Yasamal və Nəsimi rayonlarında yüz minlərlə uşaq və yeniyetmə vərəmə
görə profilaktik müayinələrə cəlb olunur. Onlar arasında vərəmə yoluxma
və xəstələnmənin səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının
göstəricilərindən qat-qat aşağıdır. Bizim ölkəmizdə vərəm xəstəliyinin
epidemik vəziyyəti yoxdur və olada bilməz. Vərəm əleyhinə tədbirlərin
yerinə yetirilməsinə Səhiyyə Nazirliyinin və Bakı Baş Səhiyyə İdarəsinin mövcud bölmələri daim nəzarət edirlər. Bu problem Səhiyyə Nazirliyinin daim nəzarətindədir".
Qeyd
edək ki, son günlər "Whatsapp" mobil əlavəsində bir sıra qida
məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması
barədə, eyni zamanda, ümumtəhsil müəssisəsində vərəmin sürətlə yayılması
barəsində məlumatlar yayılır.