Evlərdən pul və qızıl oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, Şabran
rayon Polis şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyul və avqust
aylarında şəhər ərazisində yerləşən 3 evə qanunsuz daxil olaraq oradan
pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şabran şəhər sakini, əvvəllər məhkum olunmuş Murad Məmmədov saxlanılaraq RPŞ-yə gətirilib.
Dindirilmə
zamanı M.Məmmədov törətdiyi cinayət əməllərini etiraf edərək,
sahiblərinin evdə olmadığı vaxtlarda pəncərədən daxil olaraq evlərdən
pul və qızıl-zinət əşyaları oğurladığını bildirib. Aparılan tədbirlərlə
məlum olub ki, o, iyul ayında şəhər ərazisində yerləşən evlərin birindən
2970 ABŞ dolları, 850 manat və qızıl-zinət əşyaları, avqust ayında isə iki evdən 5000 rubl, 150 manat, 100 ABŞ
dolları və qızıl-zinət əşyaları oğurlayaraq ev sahiblərinə ümumilikdə
10 min manatdan çox maddi ziyan vurub. M.Məmmədov oğurladığı qızıl-zinət
əşyalarının bir qismini Bakı
və Sumqayıt şəhərlərindəki qızıl alqı-satqısı məntəqələrinə dəyərindən
ucuz satıb, digər qismi isə maddi sübut kimi ondan götürülüb.
Faktla
bağlı M.Məmmədov barəsində Azərbaycan Respublikası CM-nin müvafiq
maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.