Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin
əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin
tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə araşdırma aparılıb.
Nazirliyin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının,
su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın
mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının
yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 203 akt
və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası
məcburi olan 43 müddətli "məcburi göstəriş” verilib.
Ümumilikdə,
57 iş üzrə 53000 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib,
ətraf mühitə dəymiş ziyana görə 20 iş üzrə 1276078,6 manat məbləğində
iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına
görə hüquqi və fiziki şəxslərə qarşı 169 iş üzrə 29257,95 manat
məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə
orqanlarına 21, icra qurumlarına 13, məhkəmələrə 8 iş göndərilib.