Hüquq mühafizə
orqanları əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində
insan sağlamlığına mənfi təsir göstərən zərərli kimyəvi maddə hesab
edilən civə satmaq istəyən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətindən XəzərXəbər-ə
verilən xəbərə görə, Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis
Şöbəsinə (PŞ) Qalib adlı şəxsin rayon ərazisində civə satmaq istəməsi
barədə məlumat daxil olub. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yerli
idarəsi və Nizami RPİ-nin 25-ci PŞ əməkdaşlarının birgə həyata
keçirdikləri əməliyyat nəticəsində həmin şəxs Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Qalib İbadov saxlanılıb.
Polis
Şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman 585 qram civə, bir
ədəd kustar üsulla hazırlanan tapança və 6 ədəd patron aşkar olunaraq
götürülüb. Saxlanılan şəxs ifadəsində civəni satmaq niyyəti ilə əldə
etdiyini və bu məqsədlə Masallı rayonundan Bakıya gətirdiyini etiraf edib.
Qeyd
edilən faktla bağlı 25-ci Polis Şöbəsində toplanan material
araşdırılması üçün Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Zəruri
əməliyyat və istintaq tədbirləri davam etdirilir.