Səbail Rayon Polis
İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat
tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində
şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən
XəzərXəbər-ə verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində Səbail rayonu, 20-ci sahə adlanan ərazidə, Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Abduləli Həbibov şübhəli şəxs qismində saxlanılaraq Polis Bölməsinə gətirilib.
Onun
üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman əlində olan
idman çantasının içərisində külli miqdarda narkotik vasitə olan
marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb. Ekspertizaya təqdim
olunan həmin narkotik vasitənin ümumi çəkisinin 5 kiloqram 050 qram
qurudulmuş marixuana olması barədə rəy verilib.
Narkotik maddənin
mənbəyinin müəyyən edilməsi istiqamətində saxlanılan şəxsin ətrafında
həyata keçirilən əlavə tədbirlərlə müəyyən edilib ki, o, narkotik
tərkibli bitkiləri Qax rayonu ərazisində yabanı halda bitən ərazidən yığıb. Daha sonra qurudaraq şəxsi istifadəsi üçün Bakı şəhərinə gətirib. Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.