Dövlət Gömrük
Komitəsinin (DGK) əməkdaşları külli miqdarda brilyant qaşların
Azərbaycan gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etmədən
keçirilməsinə cəhdin qarşısını alıblar.
DGK-dan
XəzərXəbər-ə verilən məlumatda deyilir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin
Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə almaz məmulatının
qanunsuz yolla ölkə ərazisinə gətirilməsi barədə daxil olan əməliyyat
məlumatına əsasən, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb.
Vətəndaş
gömrük nəzarətindən keçərkən saxlanılıb və üzərində gömrük nəzarətinə
bəyan edilməli və ya gömrük nəzarətindən gizlədilən hər hansı əşyanın
olub-olmadığı soruşulub. O, belə bir əşyanın olmadığını bildirib.
Daha
sonra həmin vətəndaşın üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama
zamanı, vətəndaşın ayaqqabısının sol tayının içərisində 11 ədəd bükümdə
müxtəlif ölçülü ağ rəngli qaşlar aşkar edilib.
Ədliyyə Nazirliyi
Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən qaşlar
ümumi çəkisi 185,12 karatlıq brilyantdır. Faktla bağlı araşdırma
aparılır.