Xəzər Xəbər

Paşinyan erməni kəndlərinin Azərbaycan ərazisinə yaxınlığının sakinləri sevindirməli olduğunu DEYİB

Gündəm | 11:52 • 18 Aprel 2024
Paşinyan erməni kəndlərinin Azərbaycan ərazisinə yaxınlığının sakinləri sevindirməli olduğunu

Ermənistanın kəndlərinin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir.

Xezerxeber.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşündə deyib.

“Məqsədimiz sizin həyəcansız bir şəkildə “Azərbaycan 50 metr uzaqdadır, orada ticarətlə məşğul olacağıq, iqtisadiyyat quracağıq” deməyinizdir”, - Paşinyan vurğulayıb.

O bildirib ki, bundan başqa avtomobillərin keçəcəyi keçid məntəqəsi də tikilə bilər.

Paşinyan ötən gün ölkənin şərq bölgəsində yerləşən Tavuş rayonunda ermənilər yaşayan Voskepar, Kirants, Berkaber kəndlərinin sakinlərilə görüşüb və onlara Azərbaycanla sülh danışıqları, o cümlədən delimitasiya və demarkasiya prosesindəki mövcud vəziyyəti təqdim edib.

Bu yazılarda bildirilir ki, Ermənistan hakimiyyətinin məqsədi Qazaxla həmsərhəd erməni kəndlərinin sakinlərini bölgədəki 4 kəndin (Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı, Bağanıs Ayrım) Azərbaycana təhvil verilməsinə hazırlamaqdır. Çünki Voskepar, Kirants, Berkaber kimi sərhəd kənlərinin erməni sakinləri yaxınlıqdakı 4 yaşayış məntəqəsinin Azərbaycana verilə biləcəyindən qorxurlar. Yerli kəndlilər təsərrüfat sahələrinin yaxın gələcəkdə yeni sərhəd xəttinə bitişik olacağından narahatdırlar.

Eyni zamanda yerli sakinlərin təhlükəsizlik təminatı ilə bağlı sualını cavablandıran Paşinyan buna 100 faiz zəmanət verməsə də, “addım-addım 90 və daha çox faizə çatacağıq” deyib.

Paşinyan bildirib ki, bu addımları atmasalar, bölgədə yeni partlayış olacaq.

“Qarşımızda duran vəzifə son 30 ildə qanunsuzluq mühitində yaşadığımız üçün bölgədə qanunun aliliyini təmin etməkdir. Biz deyirik ki, həm bizim, həm də onların (Azərbaycan - red.) tərəfində qanunsuzluq dövrünə son qoyulmalıdır. Hüquq, qanun, xətt var və biz bu xətt üzərində dayanmalıyıq”, - Paşinyan vurğulayıb.

O bildirib ki, Azərbaycanla müəyyən razılaşmalar var. Baş nazirin sözlərinə görə, danışıqları elə aparmağa çalışıblar ki, Azərbaycan tərəfi Əskipara çayını keçməsin, ərazi mübadilələri həyata keçirilsin:

“Yəni bizim qaldırdığımız bəzi məsələlərə etiraz etməyəcəklər”,- deyən Paşinyan Azərbaycanla bir sıra məsələlərdə razılaşmalar əldə edildiyini söyləyib.

“Cəbhə xətti olmamalıdır, sərhəd olmalıdır və o sərhədləri başqa qoşun növləri yox, sərhədçilər qorumalıdır. Sərhədlərdə keçid məntəqəsi qurulacaq. Ünsiyyət qurmaq istəyirsənsə, ünsiyyət quracaqsan, istəmirsənsə, ünsiyyət qurmayacaqsan” .

Baş nazir xatırladıb ki, Türkiyə ilə sərhəddəki Armavir rayonunun Marqara kəndində erməni evlərindən 50 metr aralıda türk əsgərləri dayanır.

“Məqsədimiz eyni vəziyyəti Tavuşda da yaratmaqdır”, - Paşinyan söyləyib.

“Bizim istəyimiz və gözləntimiz bu vəziyyətdə birləşmək, hər şeyi anlayaraq addım-addım irəliləməkdir. Bədbinliyiniz əsassızdır deyə bilmərəm, bugünkü vəziyyət heç də nikbinliyə əsas vermir. Amma biz nikbinlik yaratmaq üçün mütləq irəli getməliyik”, - baş nazir əlavə edib.

Nikol Paşinyan deyib ki, gələn həftədən başlayaraq Tavuş kəndlərinin administrasiya rəhbərləri Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası üzrə komissiyaların işinə cəlb olunacaqlar. 

O, yerli icmaların nümayəndələrindən ibarət işçi qrupunun yaradılması və sərhədlərin demarkasiyası və delimitasiyası üzrə komissiyaların işinə administrasiya rəhbərlərinin daxil edilməsi barədə qərar qəbul etdiyini açıqlayıb.

“Gələn həftədən etibarən icmaların rəhbərləri yerlərdə arqumentlərini əhaliyə təqdim edəcəklər”, - deyə Paşinyan bildirib.

Xəbər lenti

Çox oxunanlar