Xəzər Xəbər

Lavrov: Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını geri qaytarıb

Gündəm | 14:45 • 2 Fevral 2023
Lavrov: Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını geri qaytarıb

Qarabağ məsələsini siyasi yolla həll etməyin mümkünsüzlüyünü anlayandan sonra Rusiyanın təklif etdiyi çoxsaylı variantları Ermənistanın əvvəlki rəhbərliyi yaxşı qəbul etmədi. Onlar heç vaxt iddia etmədikləri əraziləri saxlamaq niyyətində idilər.

Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalına müsahibəsində bildirib.

Rusiyalı nazir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2022-ci ildə Ermənistan Azərbaycan sərhədinə missiya göndərməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, bu plan çoxdan hazır idi. Lakin Ermənistan tərəfi KTMT-ni tələsdirmirdi. “İrəvanda keçirilən sammitdə biz planın hazırlığını başa çatdırdıq. Lakin erməni həmkarlarımız dedilər ki, bu qərar onlara yalnız Azərbaycanın addımlarının qəti şəkildə pisləndiyi təqdirdə lazımdır. Buna heç də hamı hazır deyildi. Ona görə yox ki, kiminsə tərəfini saxlamaq, kimisə dəstəkləməmək istəyirdik. Sadəcə Qarabağ müharibəsinin tarixi onilliklərə gedib çıxır. Uzun illər Ermənistan Azərbaycanın yeddi rayonunu işğal etmişdi. Azərbaycan ona məxsus olan torpaqları geri qaytardı”, - deyə Sergey Lavrov vurğulayıb.

Lavrov həmçinin əlavə edib ki, Qarabağ Sovet İttifaqı dövründə də Azərbaycan SSRİ-nin tərkibində olub.

O əlavə edib ki, Ermənistan və Azərbaycan Avropa İttifaqı ilə birlikdə 1991-ci il Almatı Bəyannaməsində göstərilmiş şərtlər əsasında sülh müqaviləsi bağlamağa hazır olduqları barədə sənəd imzalayıblar.

Nazir bildirib ki, Almatı Bəyannaməsinə əsasən yeni müstəqil ölkələr arasında sərhəd SSRİ-nin inzibati sərhədlərinə uyğun müəyyənləşir.

S.Lavrov qeyd edib ki, KTMT-nin Ermənistan-Azərbaycan sərhədində missiya yerləşdirmək təklifi qüvvədədir və əgər Ermənistan maraq göstərərsə, bu missiyanı bir neçə günə orada yerləşdirmək olar.

Xəbər lenti