Xəzər Xəbər

Peru Konqresi Azərbaycanın Anım Günü ilə əlaqədar bəyanat qəbul edib

Gündəm | 11:38 • 1 Oktyabr 2022
Peru Konqresi Azərbaycanın Anım Günü ilə əlaqədar bəyanat qəbul edib

Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Peru Konqresinin üzvü Xose Enrike Orenin təşəbbüsü ilə Konqres tərəfindən 27 Sentyabr - Anım Günü ilə bağlı bəyanat qəbul edilib.

Azərbaycanın Meksikadakı səfirliyindən xezerxeber.az-a bildirilib ki, Bəyanatda 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın ölkəmizə qarşı yeni hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan tərəfinin təxribat xarakterli addımlarına cavab tədbirləri gördüyü və nəticədə 44 günlük Vətən müharibəsi ilə bu ölkənin təcavüzkar siyasətinə son qoyulduğu bildirilir.

Sənəddə qeyd olunur ki, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğalından sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə geri qaytarılması kimi başlıca vəzifənin həllinə şərait yaradıb.

Daha sonra qardaş Azərbaycan xalqının ölkə tarixində yeni eranın başlanğıcını qoyan, regionda reallıqları dəyişdirən və beynəlxalq ədaləti bərpa edən Vətən müharibəsində öz vətəndaşlarını müdafiə edərək qəhrəmancasına şəhid olan əsgər və zabitlərin xatirəsini hörmətlə anmaq üçün sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən elan edilmiş Anım Gününü dərin hüznlə qeyd etdiyi vurğulanır.

Sonda Azərbaycan xalqına başsağlığı verilir və Vətənin azadlığı uğrunda mübarizə aparmış bütün şəhidlərin xatirəsinə dərin ehtiram ifadə olunur.

Xəbər lenti