Xəzər Xəbər

Səfir: Bu gün Azərbaycanın müharibə təcrübəsi digər ölkələr tərəfindən öyrənilməkdədir

Gündəm | 16:14 • 19 Oktyabr 2021
Səfir: Bu gün Azərbaycanın müharibə təcrübəsi digər ölkələr tərəfindən öyrənilməkdədir

Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyində tədbir keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın BƏƏ-dəki səfiri Mahir Əliyev tədbiri açaraq ölkəmizin müstəqillik tarixinə nəzər salıb.

Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində hərb tarixinin yeni və şanlı salnaməsini yazmış rəşadətli Ordumuzun sayəsində 30 ildən sonra bu bayramı tam fərqli şəkildə - ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edirik.

Səfir müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin üzləşdiyi mürəkkəb proseslərdən danışıb. Ordumuzun müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısı olduğunu bildirib. M.Əliyev qeyd edib ki, Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində ölkəmiz qısa müddətdə böyük uğurlar qazanıb. 44 günlük müharibə dünya dövlətlərində Azərbaycanın iqtisadi qüdrəti, Ordusunun gücü haqqında lazımi təsəvvürlər yaradıb. Bu gün Azərbaycanın təcrübəsi digər ölkələr tərəfindən öyrənilməkdədir.

Vurğulanıb ki, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionda lider ölkəyə çevrilib.

Xəbər lenti