Xəzər Xəbər

Estoniya Azərbaycanı regionda vacib tərəfdaş ölkə kimi qəbul edir

Gündəm | 11:44 • 11 Oktyabr 2021
Estoniya Azərbaycanı regionda vacib tərəfdaş ölkə kimi qəbul edir

Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov bu ölkənin xarici işlər naziri xanım Eva-Maria Liimets ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın uğurla davam etdirildiyi, son illər ərzində Azərbaycanın əldə etdiyi nailiyyətlər, eləcə də ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu transmilli layihələr barədə ətraflı məlumat verilib.

Səfir A.Məhərrəmov 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan ərazilərində urbisid və ekosid siyasətinin həyata keçirildiyini, bütün infrastrukturun dağıdıldığını, milli mədəni irsin məhv edildiyini, bəzi şəhərlərin tamamilə yerlə-yeksan olunduğunu diqqətə çatdırıb. Diplomat, eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri, investisiya qoyuluşu imkanları barədə Eva-Maria Liimetsə ətraflı məlumat verib. Anar Məhərrəmov xüsusilə informasiya texnologiyaları sahəsi üzrə ixtisaslaşmış eston şirkətlərini həmin ərazilərdə sərmayə yatırmağa dəvət edib.

Cənub Qaz Dəhlizi barədə məlumat verən diplomat Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən TAP və TANAP boru kəmərlərinin Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Estoniyanın xarici işlər naziri Eva-Maria Liimets məlumatlara görə təşəkkürünü bildirib, ölkəsinin Azərbaycanla hər zaman yaxşı münasibətlərinin olduğunu, rəqəmsallaşdırma və təhsil sahələrində birgə uğurlu əməkdaşlığın həyata keçirildiyini, bu baxımdan ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin önəmini bildirib.

O, Azərbaycanı regionda vacib tərəfdaş ölkə kimi qəbul etdiklərini, ölkəmizin regionun mühüm aktoru qismində çıxış etdiyini, Avropa İttifaqının enerji təchizatının şaxələndirilməsində Azərbaycanın önəmli rol oynadığını vurğulayıb. Eva-Maria Liimets ölkəmizdəki əlverişli sərmayə qoyuluşu imkanları barədə verilən məlumatın aidiyyəti üzrə ötürüləcəyini qeyd edib.

Görüş zamanı Avropa İttifaqı çərçivəsində əməkdaşlığın perspektivləri, həmçinin yüksəksəviyyəli qarşılıqlı səfərlərin mütəmadi şəkildə həyata keçirilməsinin vacibliyi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Heydər Əliyev Fondunun təşəbbüsü ilə nəşr edilmiş “Qarabağ işğaldan əvvəl və sonra” kitabı nazir Eva-Maria Liimetsə təqdim olunub. (AZƏRTAC)

Xəbər lenti