Xəzər Xəbər

Azərbaycan və Özbəkistan Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq Proqramı imzalanıb

Gündəm | 17:35 • 23 Aprel 2021
Azərbaycan və Özbəkistan Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq Proqramı imzalanıb

Xəbər verildiyi kimi, Özbəkistan Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Dördüncü Sənaye İnqilabı dövründə hüquqa baxış” mövzusunda videokonfrans formatında Daşkənd Beynəlxalq Hüquq Forumu keçirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Forumda Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov məhkəmə-hüquq sistemindəki innovasiyalar barədə çıxış edərək, müsbət təcrübəmizi bölüşüb, iştirakçıların diqqətini Ermənistanın insanlıq əleyhinə və müharibə cinayətlərinə cəlb edib.

Tədbir çərçivəsində, həmçinin Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun və Özbəkistanın ədliyyə naziri Ruslanbek Davletovun videokonfrans formatında görüşü keçirilib.

Görüşdə əsrlərdir dost və qardaşcasına yaşayan Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi, bu əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin xüsusi rolu vurğulanıb.

F.Məmmədov pandemiya şəraitində aktual mövzuya həsr edilən və yüksək səviyyədə təşkil olunan Beynəlxalq Forumun əhəmiyyətini vurğulayıb, dövlətimizin başçısının rəhbərliyi ilə bütün sahələrdə, o cümlədən ədliyyə və məhkəmə sistemində müasir İKT-nin tətbiq olunması ilə ardıcıl islahatların aparıldığını söyləyib. Ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluq bildirilərək, Vətən müharibəsi zamanı Özbəkistanın ilk günlərdən Azərbaycanın haqlı mövqeyini dəstəkləməsindən minnətdarlıq ifadə olunub. Həmçinin Özbəkistanın səfiri ilə nazirlikdə keçirilən görüşə toxunulub, onun Ermənistanın raket hücumlarına məruz qalan şəhərlərimizə səfər edərək, dinc əhaliyə qarşı törədilmiş müharibə cinayətlərinin canlı şahidi olduğu vurğulanıb.

Özbəkistanın ədliyyə naziri azərbaycanlı həmkarının Forumda iştirakını yüksək qiymətləndirib, respublikamızın müxtəlif sahələrdə, o cümlədən ədliyyə sahəsində müsbət təcrübəsini təqdir edib, əlaqələrin inkişafı üçün yeni imkanların yarandığını diqqətə çatdırıb. R.Davletov torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsi zamanı yaşanan hadisələrin ölkəsində narahatlıqla izlənildiyini qeyd edib.

Görüşdə xalqımızın ümummilli lideri Heydər Əliyevin Özbəkistana tarixi səfəri zamanı, həmçinin Ədliyyə nazirlikləri arasında imzalanmış əməkdaşlığa dair Sazişin implementasiyasına toxunularaq nümayəndə heyətlərinin ikitərəfli səfərləri və faydalı təcrübə mübadiləsinin aparıldığı bildirilib. Özbəkistan nümayəndə heyətlərinin ölkəmizə səfərlər edərək ədliyyə sahəsində innovasiyalar, Azərbaycan brendi olan “ASAN xidmət” ilə tanış olduğu və bu sahədə müsbət təcrübəmizdən bəhrələnildiyi diqqətə çatdırılıb.

COVID-19 qlobal pandemiyasına baxmayaraq, əlaqələrin dərinləşdirilməsinə böyük maraq göstərilərək Azərbaycan ilə Özbəkistan Ədliyyə nazirlikləri arasında 2021-2022-ci illər üçün Əməkdaşlıq Proqramı imzalanıb.

Əməkdaşlıq Proqramı ədliyyə və məhkəmə sistemlərinin, elektron xidmətlərin və rəqəmsal innovasiyaların tətbiqinin öyrənilməsi, qanunvericilik, məhkəmə ekspertizası, qeydiyyat, notariat, hüquqşünasların tədrisi və digər sahələrdə konkret tədbirləri, onların pandemiya şəraitinə uyğun bilavasitə və ya videokonfrans formatında keçirilməsini nəzərdə tutur.

İmzalanma mərasimində sənədin qarşılıqlı fəaliyyətə mühüm töhfə verəcəyi, hüquqi sahədə təcrübə mübadiləsinin hər iki tərəf üçün faydalı olacağı vurğulanıb, əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Xəbər lenti