Xəzər Xəbər

BNA Bakının havasını korlayan avtobuslardan imtina edəcək

Gündəm | 18:17 • 20 Mart 2021
BNA Bakının havasını korlayan avtobuslardan imtina edəcək

Vüsal Kərimli deyib ki, 2022-ci ildən etibarən Bakı şəhərində istifadə olunacaq ictimai nəqliyyat üçün nəqliyyat vasitələrinin, xüsusilə avtobusların dizel və yaxud benzinlə deyil, məhz sıxılmış təbii qaz və ya alternativ enerji mənbələrindən təmin olunması

Son 5 ildə Bakı şəhərinə 715 ədəd sıxılmış təbii qazla işləyən nəqliyyat vasitələri gətirib. 

XəzərXəbər APA-ya istinadla xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirilən ağacəkmə kampaniyasında deyib.

Onun sözlərinə görə, qanunvericiliyə edilən dəyişikliyə əsasən, Bakı şəhərinə 2022-ci ildən dizellə işləyən ictimai nəqliyyat vasitələri gətirilməyəcək:

"2022-ci ildən etibarən Bakı şəhərində istifadə olunacaq ictimai nəqliyyat üçün nəqliyyat vasitələrinin, xüsusilə avtobusların dizel və yaxud benzinlə deyil, məhz sıxılmış təbii qaz və ya alternativ enerji mənbələrindən təmin olunması qanunvericilikdə qeyd edilib. Hazırda 2100 avtobusdan 715-i sıxılmış qazla işləyir". 
V.Kərimli bildirib ki,  bu il daha 320 avtobusun Bakı şəhərinə gətirilməsi planlaşdırılır: "Bu avtobuslar Bakı ətrafı qəsəbələr və digər qəsəbələrdə işləyəcək. Benzin və dizel yanacağı ilə işləyən avtobuslarla müqayisədə sıxılmış qazla işləyən avtobuslarda ətraf mühitə atılan ağır metallar arasında 30-35 faiz fərq var. Bu ümumi rəqəmə vurulanda böyük fərq edir". 

BNA sədri qeyd edib ki, 2016-cu ildə ictimai nəqliyyatda 701 milyon sərnişin səfər etmişdisə, 2019-cu ildə  bu rəqəm  801 milyona qalxıb: "Bu da avtobusların dəyişməsi, nəqliyyat infrastrukturuna dövlət tərəfindən qoyulan investisiyalar nəticəsində olub. Bütün bunlar əhalinin ictimai nəqliyyatdan istifadəsini stimullaşdırır. Bakı şəhərində yol infrastukrutunda da son 5 ildə böyük dəyişiklər olub".

Xəbər lenti

Çox oxunanlar