Xəzər Xəbər

Bakıda VI Regional İnternet İdarəçilik Forumu öz işinə başlayıb

Gündəm | 11:55 • 13 Mart 2019
Bakıda VI Regional İnternet İdarəçilik Forumu öz işinə başlayıb

"Kibertəhlükəsizlik həftəsi” çərçivəsində martın 13-də Bakıda VI Regional İnternet İdarəçilik Forumu keçirilir.


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə keçirilən forum "Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz” mövzusuna həsr edilib.


Forumun açılışından əvvəl nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, BMT-nin baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) rəhbərinin müavini və BMTİP-in Avropa və MDB üzrə regional bürosunun direktoru Miryana Spolyariç Eqqer, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) MDB ölkələri üzrə regional bölməsinin rəhbəri Kiril Oparin kibertəhlükəsizlik sahəsində həllər təklif edən yerli, eləcə də beynəlxalq şirkətlərin məhsul və xidmətlərinin nümayiş olunduğu "Cyber Village” sərgisinə baxış keçiriblər.


Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, forumun məqsədi daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yollarını nümayiş etdirməkdir.


Nazir deyib ki, forum yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlıq qurması, bu sahədə mövcud vəziyyətin, qarşıya qoyulmuş vəzifələrin, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin birgə müzakirəsi və maraqlı innovativ layihələrin nümayişi üçün platformadır.


Miryana Spolyariç Eqqer isə bildirib ki, BMTİP-in Azərbaycanda özünü təsdiqləmiş və artıq hər il təşkil olunan tədbirlərdən biri olan forum bu il çox önəmli mövzuya həsr olunub.


"Bu forum internetin gələcəyi ilə bağlı əhəmiyyətli müzakirələrə yol açır, sadə insanların həyatını yaxşıya doğru dəyişmək və yeni nəsil idarəetmə üsullarını inkişaf etdirmək üçün internet texnologiyalarının potensialını daha da yaxından araşdırmaq üçün yeni imkanlar irəli sürür, daha əhatəli və hər kəs üçün əlçatan olan idarəetmə platformalarını yaradır”, - deyə o əlavə edib.

Xəbər lenti