Bakı şəhərinin ictimai
nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də
keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması
məqsədilə, sərnişinlərin avtobus nəqliyyatından təhlükəsiz və rahat
istifadəsinin təşkili üçün avtobus parkının yenilənməsi daim diqqət
mərkəzindədir.
Bu barədə AzVision.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumatda vurğulanıb ki, son 3 ildə orta və iritutumlu 300-dən artıq müasir sərnişindaşıyan avtobus alınaraq, Bakı
şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb. Daha 300 müasir və
komfortlu, eyni zamanda iritutumlu avtobusların alınması ilə bağlı iş
aparılır:
"Məqsədimiz, sərnişinlərimizə təhlükəsiz, keyfiyyətli
və şəhərimizin inkişaf edən simasına uyğun sərnişindaşıma xidmətinin
təşkilinə nail olmaqdır. Lakin Nazirlər Kabinetinin
2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab prezidentin də
vurğuladığı kimi özəl sketorun bu sahədəki fəaliyyət özünü doğrultmadı.
Baxmayaraq ki, dövlət tərəfindən bütün sahələrdə, o cümlədən
sərnişindaşımada fəaliyyət göstərən sahibkarlar üçün sağlam mühit
formalaşdırılıb. Əvvəllər də açıqladığımız kimi bu gün daşıyıcıların
böyük əksəriyyətinin istehsalat və maddi texniki bazaları, avtobus parkı
qoyulan tələblərə cavab verməyən səviyyədədir. Daşıyıcılara məxsus
avtobusların 50 faizinin yenilənməsi zərurəti yaranıb. Marşrut xətləri
üzrə fəaliyyət göstərən sürücülərin peşəkarlıq səviyyəsi olduqca
aşağıdır. Sükan arxasında fiziki və psixoloji durumunda problemləri
olan, eyni zamanda müvafiq sənədləri olmayan şəxslər əyləşir. Bütün
bunlar isə sərnişindaşıma ilə məşğul olan daşıyıcıların işə
məsuliyyətsiz yanaşmasının doğurduğu məntiqi nəticədir".
Qeyd olunub ki, sərnişindaşımada xidmətin keyfiyyətinin artırılması üçün Bakı Nəqliyyat Agentliyi səlahiyyətləri çərçivəsində zəruri olan bütün tədbirləri həyata keçirməkdədir.
"Bu
işlər bundan sonra daha da sürətləndiriləcək. Cənab prezidentin aprelin
2-də və iyulun 6-da imzaladığı müvafiq fərmanlar bu istiqamətdə
başladığımız işlərin daha səmərəli təşkil edilməsi baxımından olduqca
əhəmiyyətlidir. Yeni alınacaq nəqliyyat vasitələrinin alınması marşrut
xətlərinin bölgüsündə dövlət qurumunun payı əhəmiyyətli dərəcədə
artırılacaq və bunun nəticəsində də işinə məsuliyyətsiz yanaşan
daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq. Dövlət başçımızın
vurğuladığı kimi əgər özəl şirkətlər bu sahədə işləmək istəyirlərsə, öz
işlərində çox ciddi dəyişiklik etməlidirlər".