"ASAN xidmət indeksi”
üzrə mərkəzi icra hakimiyyəti orqanları sırasında ən yüksək nəticəni
Dövlət Miqrasiya Xidməti (68,98 %) göstərib. XəzərXəbər xəbər verir ki, Azərbaycan Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə "ASAN xidmət
indeksi” üzrə 2017-2018-ci il qiymətləndirmə nəticələrinə dair hesabat
tədbiri keçirilib.
Pilot layihə çərçivəsində 30 mərkəzi icra hakimiyyəti orqanının 353 xidməti, Bakı
şəhərində fəaliyyət göstərən 13 yerli icra hakimiyyəti orqanının 234
xidməti və kommunal xidmətlər göstərən 4 hüquqi şəxsin 47 xidməti daxil
olmaqla, ümumilikdə 634 xidmət qiymətləndirilib. Mərkəzi icra
hakimiyyəti orqanları sırasında ən yüksək nəticəni Dövlət Miqrasiya Xidməti (68,98 %) göstərib.
Tədbirdə
çıxış edən Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli
qiymətləndirilmənin keçirilməsində əsas məqsədin dövlət xidmətləri
haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi,
xidmətlərin göstərilməsində təkrarçılığın aradan qaldırılması və yeni
növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin
təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının
artırılması olduğunu deyib.
ADA Universitetinin prorektoru Fariz
İsmayılzadə isə çıxışında dövlət xidmətlərinin qiymətləndirilməsi üzrə
əməkdaşlığın bundan sonra da davam edəcəyini vurğulayıb. Sonda tədbir
iştirakçılarının sualları cavablandırılıb.