ABŞ-ın Azərbaycandakı
səfiri postuna namizəd Erl Litsenberqer Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasına nail olmaq üçün ciddi səy göstərəcəyini vəd edib. XəzərXəbər xəbər verir ki, bu barədə Erl Litsenberqer ABŞ Senatının
xarici məsələlər komitəsində Azərbaycana səfir təyin edilməsi ilə bağlı
dindirilərkən deyib. Dindirilmə zamanı ona Vaşinqtonla Bakı arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlıqla və Dağlıq Qarabağ münaqişəsinə yanaşması ilə bağlı suallar verilib.
Litsenberqer
bildirib ki, Azərbaycan uzun illərdir təhlükəsizlik və beynəlxalq
terrorrizmlə mübarizə sahələrində Vaşinqtonla əməkdaşlıq edir. Həmçinin,
Azərbaycan Amerika məhsullarının – təyyarələr, kənd-təsərrüfatı
avadanlıqları, maşınlar, digər məhsul və xidmətlərin ixracı üçün
əhəmiyyətli xarici bazar rolunu oynayır.
Dağlıq Qarabağ münaqişəsinə
gəlincə isə, Litsenberqer nizamlanma ilə bağlı Vaşinqtonun öz üzərinə
götürdüyü öhdəlikləri yerinə yetirməsinə kömək edəcəyini vurğulayıb.
"Cənubi Qafqazın çiçəklənən gələcəyi və təhlükəsizliyinin təmini üçün ən başlıca prioritet Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasıdır. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ
güc tətbiq etməmək və güclə hədələməmək, ərazi bütövlüyünə hörmət və
xalqların öz müqəddəratını təyinetmə də daxil omaqla, münaqişənin BMT
Nizamnaməsi və Helsinki Yekun Aktının prinsipləri əsasında sülhə
əsaslanan uzunmüddətli həllinə nail olmaq üçün bütün tərəflərlə işləməyi
davam etdirəcək. Əgər səfir kimi təyinatım təsdiqlənərsə, mən bu
məqsədlərə nail olunması istiqamətində ABŞ administrasiyasının üzərinə götürdüyü öhdəlikləri dəstəkləyəcəm”, - deyə Erl Litsenberqer qeyd edib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp sentyabrın əvvəlində Erl Litsenberqeri Amerikanın Azərbaycandakı səfiri postuna namizəd kimi irəli sürüb. Litsenberqer hazırda ABŞ
Dövlət Departamentinin hərbi-siyasi məsələlər bürosunda baş məsləhətçi
vəzifəsində çalışır. Fransız, rus, serb və bolqar dillərində sərbəst
danışa bilir. /azvision.az