Bu gün Azərbaycanın Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 26 il ötür. XəzərXəbər xəbər verir ki, sahəsi 145 647 hektar olan Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də erməni işğalçıları tərəfindən zəbt olunub.
Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar
Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazası
əsasında yaradılıb. Rayonun sahəsi 1458 kvadratkilometr, əhalisi 41 216
nəfərdir. Rayonda bir şəhər (Xocavənd şəhəri - rayon mərkəzi), iki iri qəsəbə (Qırmızı bazar və Hadrut), 83 kənd var.
Xocavəndin yüzdən çox sakini Vətən uğrunda döyüşlərdə şəhid olub.
Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində
ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən
(izləyən) operativ mərkəz"in əldə etdiyi məlumatlara əsasən, rayon
ərazisində əkilib-becərilən narkotik vasitələr müxtəlif ölkələrə
satılır, ərazilər müntəzəm yandırılır, fauna və flora tamamilə məhv
edilir, yararlı ağaclar qırılaraq Yerevana aparılır və digər ölkələrə satılır.
Xatırladaq ki, Xocavənd
rayonunun Qırmızı bazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m
olan 1 ədəd 1000 və 1 ədəd 2000 il yaşlı Şərq çinarları qədim təbiət
abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində "Qırmızı kitab"a
düşən, üçüncü dövrün relikt növü olan, diametri 24 sm, hündürlüyü 12
metr, yaşı 100 illik azat ağacları da mühafizə edilirdi. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində mühafizə məqsədilə əkilən ağaclar da kəsilib.