Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Biləsuvar Gənclər Evinin açılışında iştirak edib.
Dövlətimizin başçısı Gənclər Evinin rəmzi açılışını bildirən lenti kəsdi.
Ölkəmizdə gənclər siyasətinin formalaşdırılması istiqamətində çoxşaxəli tədbirlər görülür. Ümummilli lider Heydər Əliyevin
adı ilə bağlı olan dövlət gənclər siyasəti uğurlu nəticələrlə yadda
qalır. 2005-2009-cu illəri əhatə edən "Azərbaycan Gəncliyi Dövlət
Proqramı” bu prosesdə çox mühüm rol oynayıb. "Azərbaycan Gəncliyi
2011-2015-ci illərdə” Dövlət Proqramı da bu tədbirlərin məntiqi davamı
olub. Bu gün ölkəmizdə gənclərin vətənpərvərlik, dövlətçilik
prinsiplərinə, həmçinin tarixi-mədəni keçmişimizə, milli-mənəvi
dəyərlərimizə rəğbət ruhunda tərbiyə olunması prioritet
istiqamətlərdəndir. Əsas məqsəd təbii ki, onların cəmiyyətin
ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakına
stimul verməkdir. Prezident İlham Əliyevin
tapşırıq və tövsiyələrinə uyğun olaraq, gənclərin intellektual və
yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan
gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihələr və
proqramlar həyata keçirilir. Ölkəmizin bölgələrində müasir tələblərə
cavab verən sosial infrastruktur obyektləri və gənclər evləri tikilir. Biləsuvar rayonunda inşa olunan Gənclər Evi də bu məqsədə xidmət edir.
İnşasına ötən il başlanılan və bu ilin mayında başa çatdırılan Biləsuvar Gənclər Evinin binası iki mərtəbəlidir. Ümumi sahəsi 1200 kvadratmetr olan binada ümummilli lider Heydər Əliyevin büstü qoyulub, Ulu Öndərin və Prezident İlham Əliyevin Biləsuvar
rayonuna müxtəlif illərdə səfərlərini əks etdirən fotolardan ibarət
guşələr yaradılıb. Bina öz funksionallığı ilə seçilir. Belə ki, burada
müxtəlif tədbirlərin keçirilməsi üçün 256 yerlik akt və konfrans zalları
yaradılıb. Rəqs zalının, internet kafenin, fotostudiyanın,
vətənpərvərlik klubunun, istedadların hazırlığı laboratoriyasının
yerləşdiyi Gənclər Evində şahmat, rəsm, dizayn dərnəkləri, xarici dil və
danışıq klubu fəaliyyət göstərəcək.