"Gəncədə törədilən
cinayət birbaşa terror aktıdır. Bunu təşkil edənlər, arxasında
duranların qarşılarına qoyduğu əsas məqsəd ölkədə ictimai-siyasi
sabitliyi pozmaq, qarşıdurma yaratmaq və dindən bu ad altında istifadə
etməkdir" XəzərXəbər xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri bildirib ki, Azərbaycan güclü dövlətdir və kimlərsə bu cür hadisələrlə ictimai-siyasi sabitliyi poza bilməz:
"Bunu
dinlə bağlayanlar əslində dini təhrif edirlər. Çünki bu dinə aid məsələ
deyil. Məsələnin arxasında kimlərin və hansı məqsədlərin dayandığı hər
kəsə bəllidir. Hüquq-mühafizə orqanları araşdırma aparır və nəticə hər
kəsə aydın olacaq. Əminəm ki, bu məsələdə əli olan hər kəs layiqli
cəzalarını alacaq. Bunun arxasında duran xarici və ya daxili dairələr
varsa, onlar da ifşa olunacaq".
M.Qurbanl təəssüf hissi ilə qeyd
edib ki, bəziləri hadisəni yalnış yozur: "Artıq mahiyyət bəllidir.
Gəncədə terror aktını törədənlərin kimliyi, onları müdafiə edənlər
ortadadır. Bu yalnız Azərbaycanın əleyhinə çıxış edən qrupların işidir.
Onlar öz istəyinə nail olmayacaq".
Qeyd edək ki, Yunis Səfərov
adlı şəxs iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar
Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı
Qasım Aşbazova odlu silahdan atəş açaraq onlara müxtəlif dərəcəli bədən
xəsarətləri yetirib.
Hüquq-mühafizə orqanlarının birgə
məlumatında fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən
istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə Rusiya
Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayəti
məqsədyönlü şəkildə həyata keçirdiyi, əvvəlcədən planlaşdırılmış terror
aktı olduğu qeyd edilib.