Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da İsveçrə
Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və
Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N. Şnayder-Ammannın
başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XəzərXəbər xəbər verir ki, İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi
Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri
Yohan N. Şnayder-Amman ölkəmizə səfərindən məmnunluğunu bildirərək dedi
ki, gəlişlərində məqsəd Azərbaycanda gedən inkişaf prosesləri ilə tanış
olmaqdan və ölkələrimiz arasında biznes əlaqələrinin daha da
genişləndirilməsi ilə bağlı məsələləri müəyyənləşdirməkdən ibarətdir.
Eyni zamanda, qonaq səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycanın
"Bir kəmər, bir yol” layihəsində iştirakı ilə bağlı daha ətraflı məlumat
almaqdan maraqlı olduğunu dedi. Yohan N. Şnayder-Ammann İsveçrə ilə
Azərbaycan arasında Dünya Bankı və Beynəlxalq Maliyə Fondu çərçivəsində
də uğurlu əməkdaşlığın həyata keçirildiyini dedi.
Qonaq TANAP layihəsinin fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdırdı. O, Prezident İlham Əliyevin hər il Davos İqtisadi Forumunda iştirakına görə minnətdarlığını bildirdi.
Ölkələrimiz
arasında siyasi və iqtisadi sahədə əlaqələrin çox uğurla inkişaf
etdiyini qeyd edən dövlətimizin başçısı əməkdaşlığın daha da
genişləndirilməsi üçün böyük potensialın olduğunu dedi. Prezident İlham Əliyev
müxtəlif sahələrdə biznes əlaqələrinin genişləndirilməsi üçün də yaxşı
imkanların olduğunu vurğuladı və bu baxımdan ayrı-ayrı infrastruktur
layihələrinin həyata keçirilməsi, qarşılıqlı investisiyaların qoyulması
sahəsində yaxşı təcrübənin olduğunu dedi. Yohan N. Şnayder-Ammann ilə
Davosda görüşünü xatırlayan Prezident İlham Əliyev
bildirdi ki, onun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə bu
səfəri əlaqələrimizin genişləndirilməsi işinə öz töhfəsini verəcək və
əməkdaşlığımız bundan sonra da genişlənəcək. Prezident İlham Əliyev
əminliyini ifadə etdi ki, Azərbaycan iqtisadiyyatı gələcək illərdə də
daha da inkişaf edəcək, ölkəmiz xeyli sayda sənaye və infrastruktur
layihələrinin həyata keçirilməsini planlaşdırır və Azərbaycan bu işlərdə
İsveçrə şirkətlərinin iştirakında maraqlıdır.
Söhbət zamanı qeyd olundu ki, İsveçrə-Azərbaycan Bakıda
keçirilən Biznes Forumu və orada həm İsveçrədən, həm Azərbaycandan
böyük sayda biznes nümayəndələrinin iştirakı iqtisadi əməkdaşlığımızın
genişləndirilməsi işinə öz töhfəsini verəcək.
Görüşdə ölkələrimiz
arasında ticarət, investisiya, nəqliyyat, səhiyyə, təhsil və digər
sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi
aparıldı.