Müdafiə naziri
general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin rəhbər
heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o
cümlədən məsul zabitlərin iştirakı ilə genişmiqyaslı təlimlərin
yekunlarına dair xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin
təsdiq etdiyi plana əsasən müxtəlif poliqonlar və təlim sahələrində
gündüz və gecə vaxtı keçirilən genişmiqyaslı təlimlərin nəticələrini
təhlil edərək general-polkovnik Z.Həsənov bildirib ki, qoşunlar gizli
şəkildə əsas istiqamətlər üzrə cəmləşərək gecə irimiqyaslı hücum
əməliyyatlarını uğurla yerinə yetiriblər.
Müdafiə naziri qeyd
edib ki, təlimlər zamanı idarəetmə orqanları və qoşunların əməliyyat
hazırlığı daha da təkmilləşdirilərək yeni səviyyəyə yüksəldilib,
qərargahlar qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.
General-polkovnik
Z.Həsənov belə təlimlərin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın
Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları müşavirə
iştirakçılarının diqqətinə çatdırıb.