Azərbaycanın Kənd
Təsərrüfatı naziri İnam Kərimov mayın 19-da Prezident İlham Əliyevin
tapşırığına əsasən bu qurumun yeni rəhbəri kimi ilk xarici səfərini
Türkiyəyə edib.
Nazirlikən XəzərXəbər-ə verilən xəbərə görə, nümayəndə heyətinin üzvləri əvvəlcə Ankaradakı Heydər Əliyev parkını ziyarət ediblər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parkdakı heykəli önünə tər çiçəklər düzülüb, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib.
Səfər
çərçivəsində Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsindəki
əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə edilib. İnam
Kərimov və nümayəndə heyətinin üzvləri Türkiyənin Qida, Kənd
Təsərrüfatı və Heyvandarlıq naziri Əhməd Əşrəf Fakıbaba ilə görüşüblər.
Əhməd
Əşrəf Fakıbaba Azərbaycanla Türkiyənin qardaş ölkələr olduğunu
vurğulayaraq, İnam Kərimovun nazir vəzifəsinə təyin edildikdən sonra ilk
xarici səfərini Türkiyəyə etməsindən məmnunluq hissi keçirdiklərini
bildirib. O, iki ölkə arasında aqrar sahədə əməkdaşlığın inkişafı üçün
böyük potensial imkanlar olduğunu, bitki, heyvandarlıq, taxılçılıq,
toxumçuluq və digər sahələrdə əlaqələrin inkişafına hazır olduqlarını
bildirib.
Kənd
Təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, aqrar sahə ölkəmizdə
qeyri-neft sektorunun inkişafı baxımından mühüm sahələrdən biri kimi
müəyyən edilib. Bu sahədə dünyada qabaqcıl ölkələrdən biri hesab edilən
Türkiyə ilə əlaqələrin daha da genişləndirilməsi, qardaş ölkənin
təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi Azərbaycan üçün böyük
əhəmiyyət kəsb edir.
Görüşdə
əməkdaşlıq üçün prioritet istiqamətlər müəyyən edilib, müvafiq
fəaliyyət planının hazırlanması, birgə layihələrin həyata keçirilməsi,
iki ölkənin mütəxəssisləri, özəl sektor nümayəndələri arasında
təmasların intensivləşdirilməsi, tədris, strateji tədqiqat, aqrar elm və
digər sahələrdə konkret addımların atılmasına dair razılıq əldə olunub.