Prezident İlham Əliyev
"Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən
keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir
pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 11 noyabr tarixli 12 nömrəli fərmanında
dəyişiklik edilməsi barədə fərman imzalayıb.
XəzərXəbər-in məlumatına görə, fərmanın 4.2-ci bəndinə edilən dəyişikliyə əsasən, Dövlət Gömrük Komitəsi
başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək
üçün onların təcrid olunmuş halda saxlanılmasının təmin edilməsi
məqsədilə artıq müvafiq ərazi dövlət baytarlıq müfəttişinə deyil, Qida
Təhlükəsizliyi Agentliyinin müvafiq regional bölməsinə məlumat verəcək.
6-cı hissədə "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin
yanında Dövlət Baytarlıq və Dövlət Fitosanitar Nəzarəti xidmətləri”
sözləri "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi”
sözləri ilə əvəz edilir. Fərman 2018-ci il iyulun 1-dən qüvvəyə minir.
Dövlət
başçısı, həmçinin "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Dəyişikliyə əsasən fərmanın 28.3-cü bəndində "Azərbaycan Respublikasının Vergilər Nazirliyi”
sözlərindən sonra ", Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi
Agentliyi” sözləri əlavə edilir. Yəni bundan sonra Azərbaycanda xarici
ticarətin gömrük statistikasının məlumatları Qida Təhlükəsizliyi
Agentliyinə də təqdim olunacaq.
İlham Əliyevin
"Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan
Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2004-cü il 12 fevral tarixli 25 nömrəli fərmanında dəyişiklik edilməsi
haqqında fərmana əsasən isə 1-ci hissə aşağıdakı redaksiyada verilir:
"1.
Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan
Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra
hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının
Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir.”.
Qanunun 9-cu
maddəsində bildirilir: "Süni qida məhsullarının keyfiyyətinə və
təhlükəsizliyinə dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş
qaydada öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları
tərəfindən həyata keçirilir". Bu fərman 2018-ci il iyulun 1-dən qüvvəyə
minir.
Dövlət başçısı "Üzümçülük və şərabçılıq haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2002-ci il 29 yanvar tarixli 667 nömrəli fərmanında dəyişikliklər
edilməsi haqqında fərman da imzalayıb. Dəyişikliklərə əsasən fərmanın
2-ci hissəsinin doqquzuncu abzası ləğv edilir və səkkizinci abzası
aşağıdakı redaksiyada verilir:
"həmin Qanunun 7.3-cü maddəsində
(fitosanitar vəziyyətinə münasibətdə), 22.1-ci və 27.2-ci maddələrində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata
keçirir.”. Bu fərman da 2018-ci il iyulun 1-dən qüvvəyə minir.
Prezidentin digər fərmanı ilə "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 14.9-cu bəndində "Vergilər Nazirliyinə,” sözlərindən sonra "Qida Təhlükəsizliyi Agentliyinə,” sözləri əlavə edilir. Beləliklə, Dövlət Gömrük Komitəsi bütün ixrac-idxal əməliyyatları üzrə hər ay hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq Azərbaycan Prezidentinə, Nazirlər Kabinetinə, İqtisadiyyat və Sənaye Nazirliyinə, Maliyyə Nazirliyinə, Vergilər Nazirliyinə, Dövlət Statistika Komitəsinə,
Mərkəzi Banka, eləcə də Qida Təhlükəsizliyi Agentliyinə müəyyən edilmiş
formada xarici ticarətin gömrük statistikasının məlumatlarını verəcək.