İlham Əliyev Sergey Narışkini qəbul edib
YENİLƏNDİ
Gündəm
|
11:45 • 24 Aprel 2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də
Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey
Narışkini qəbul edib.
XəzərXəbər xəbər verir ki, söhbət zamanı Azərbaycan-Rusiya strateji tərəfdaşlıq
münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olundu, əlaqələrimizin
perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Qeyd edildi ki,
bütün sahələrdə olduğu kimi, təhlükəsizlik sahəsində də əməkdaşlıq
uğurla davam edir. Görüşdə regional təhlükəsizlik məsələləri də müzakirə
olundu.
Sergey Narışkin Rusiya Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, İlham Əliyevi
prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik
etdi, bunu Azərbaycan xalqının böyük etimadı kimi dəyərləndirərək
seçkilərin nəticələrini həm də Azərbaycan xalqının qələbəsi kimi
qiymətləndirdi.
Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev
həm Azərbaycanda, həm də Rusiyada keçirilən son prezident seçkilərinə
toxunaraq qeyd etdi ki, bütün bunlar Rusiya və Azərbaycan rəhbərliyi
tərəfindən həyata keçirilən siyasətə xalqlarımızın verdiyi dəstəyin
nümayişidir.
Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş etdi.