Martın 1-də saat 17
radələrində Ələt-Astara yolunun 16-cı kilometrliyində naməlum sürücü
idarə etdiyi "Mercedes” markalı avtomobillə yol hərəkəti qaydalarını
kobud şəkildə pozduğu üçün həmin ərazidə xidmət aparan yol polisi
əməkdaşı tərəfindən saxlanılmış, bu zaman sürücü onu təhqir edərək
hadisə yerini tərk edib.
DİN-dən XəzərXəbər-ə
verilən məlumata görə, dərhal həmin avtomobilin saxlanılması üçün
müvafiq tədbirlər görülüb, həmin ərazidəki BDYPİ-nin stasionar postunda
həmin avtomobilə "saxla” işarəsi verilib, lakin sürücü polis
əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq oradan uzaqlaşıb.
Saat 15 radələrində Ələt-Astara
yolunun 38-ci kilometrliyində naməlum sürücü idarə etdiyi "Mitsubishi L
300” markalı avtomobili qəsdən yol polisi əməkdaşının xidməti "KİA”
markalı avtomobilinə vurub, habelə odlu silahla polis əməkdaşını
hədələyərək ondan yaxınlaşmamağı tələb edib, bir qədər sonra öz maşınını
"BMW” markalı avtomobildə xidmət aparan polis əməkdaşlarının yanında
saxlayaraq onları da təhqir edib, odlu silahdan "BMW”-yə tərəf 1 dəfə
atəş açıb hərəkətini davam etdirib.
Salyan
RPŞ əməkdaşları tərəfindən görülmüş əməliyyat tədbirləri nəticəsində
avtomobil şəhər ərazisində saxlanılarkən sürücü, idarə etdiyi
avtomobildən polis əməkdaşlarının olduğu avtomobilə bir neçə dəfə atəş
açıb, avtomobillə yol polisi əməkdaşını qolundan vurub.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin şəxs saxlanılıb.
Araşdırmalarla onun Salyan
şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Bağırov olması müəyyən
edilib. Həmçinin martın 1-də "Mercedes” markalı avtomobillə qeyd edilən
hərəkətlərin də onun tərəfindən törədilməsi məlum olub.
O.Bağırovdan müvafiq sənədləri olmayan "İJ-58” markalı ov tüfəngi və 16 ədəd patron götürülüb.
Faktla əlaqədar rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb.