Xəzər Xəbər

Azərbaycan-Rusiya sərhədində ilk sərhəd nişanları qoyuldu Mərasim

Gündəm | 12:05 • 22 Fevral 2018
Azərbaycan-Rusiya sərhədində ilk sərhəd nişanları qoyuldu

Fevralın 22-də Qusar rayonunun Zuxul kəndi ərazisində Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılması münasibətilə təntənəli mərasim keçirilib.

XəzərXəbər xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsi tarixinin əlamətdar hadisələrindən olan təntənəli mərasimdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti Sərhəd Xidmətinin nümayəndə heyətləri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət komissiyalarının üzvləri iştirak ediblər.

Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanı quraşdırıldıqdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, xarici işlər nazirinin müavini, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov, Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Vadim Postnov, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Sərhəd Xidmətinin nümayəndə heyətinin rəhbəri, general-leytenant Aleksey Buyerov çıxış ediblər.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasəti, ölkəmizin dövlət maraqlarının ardıcıl və məqsədyönlü müdafiəsi sayəsində Rusiya Federasiyası ilə dövlət sərhədlərimizin delimitasiyası və demarkasiyası üzrə fəaliyyətin artıq son mərhələyə qədəm qoyduğu xüsusi vurğulanıb. Bu hadisənin Azərbaycan ilə Rusiya arasında dövlətlərarası münasibətlərin mehriban qonşuluq və dostluq, strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq səviyyəsinin növbəti göstəricisi olduğu qeyd edilib. Həmçinin dövlət sərhədinin demarkasiyası işlərinin ən yaxın zamanda uğurla başa çatdıralacağına əminlik ifadə olunub.

Sonra Xələf Xələfov və Vadim Postnov Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılmasına dair Protokolu imzalayıblar.

Xəbər lenti