Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də İran İslam
Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir
Hatəminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XəzərXəbər xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə İran
arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o
cümlədən hərbi və hərbi-texniki sahədə uğurla inkişaf etdiyini bildirdi.
Yüksək səviyyədə qarşılıqlı səfərlərin müntəzəm olaraq həyata
keçirildiyini vurğulayan Prezident İlham Əliyev son illər ərzində İran İslam Respublikası Prezidenti ilə 10-a yaxın görüşün keçirilməsinin əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirdi.
Dövlətimizin başçısı İran İslam Respublikasına son səfərini məmnunluqla xatırlayaraq, həm Ali rəhbərlə, həm də Prezidentlə məhsuldar müzakirələrin aparıldığını qeyd etdi. Dövlətimizin başçısı İran İslam
Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir
Hatəminin Azərbaycana bu səfərinin ölkələrimiz arasında hərbi və
hərbi-texniki sahədə əlaqələrin hazırkı vəziyyəti və gələcək birgə
əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına
əminliyini ifadə etdi.
Müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəmi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı. O qeyd etdi ki, İran İslam Respublikasının Ali rəhbəri öz çıxışlarında həmişə İranın Azərbaycanla münasibətlərinin dostluq və qardaşlıq, bərabər qonşuluq münasibətləri olduğunu bildirib. O, İran İslam Respublikasının xarici siyasətində qonşu ölkələrə, xüsusilə Azərbaycana böyük önəm verdiyini dedi.
Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.
Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.