"Dilqəm Əsgərov və
Şahbaz Quliyevin erməni girovluğundan azad edilməsi üçün bir neçə
beynəlxalq təşkilata müraciət etmişik. Bu məsələ ilə bağlı tərəfimizdən
iş aparılır".
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov
deyib. Bu istiqamətdə işlərin davam etdirildiyini söyləyən İ. Axundov
qeyd edib ki, Azərbaycanda saxlanılan erməni diversantların
dəyişdirilməsi məsələsinə baxıla bilər.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə
öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri
tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə
güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda
dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev
üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov
ömürlük, Ş. Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycan
vətəndaşı Elnur Hüseynzadə isə ötən ilin fevralında Talış kəndi
istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.
Azərbaycanda
hazırda 2 erməni diversant - Arsen Baqdasaryan və Zaver Karapetyan
saxlanılır. A. Baqdasaryan Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə
15 il müddətinə azadlıqdan məhrum edilib. /APA