Bu tələbələrin ixtisasını dəyişməsi qadağan edildi
Gündəm
|
11:24 • 13 Dekabr 2017
Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və
tələbələr sırasına bərpa olunan şəxslər təhsillərini ödənişli əsaslarla
davam etdirəcək.
Təhsil Nazirliyinin
Kollegiyası "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura
səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların
köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət
götürülməsinə dair Qaydalar”ını təsdiq edib.
XəzərXəbər xəbər verir ki, bu Qaydalar tələbələrin bir ali təhsil müəssisəsindən
və ya təhsil proqramından (ixtisasdan) digərinə köçürülməsi, xaric
edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi məsələlərini
tənzimləyir.
Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və
təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının
bütün ali təhsil müəssisələrinə (xüsusi təyinatlı ali təhsil
müəssisələri istisna olmaqla) şamil edilir. Əcnəbi və vətəndaşlığı
olmayan tələbələrin bir ali təhsil müəssisəsindən və ya təhsil
proqramından (ixtisasdan) digərinə köçürülməsi, xaric edilməsi, bərpa
olunması və akademik məzuniyyət götürülməsi məsələləri bu Qaydalarla
tənzimlənir. Ali təhsilin bakalavriat səviyyəsində, tibb təhsilinin əsas
tibb təhsili üzrə tələbələrin bir ali təhsil müəssisəsindən digərinə
köçürülməsi, ixtisasının və (və ya) təhsilalma formasının dəyişməsi,
tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması qış və
yay tətili dövründə həyata keçirilir. Ali təhsilin magistratura
səviyyəsində tələbələrin bir ixtisasdan (ixtisaslaşmadan) digərinə
köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız
təhsilalma formasını dəyişmək, 1-ci tədris ilində eyni ixtisas
(ixtisaslaşma) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülmək,
xaric olunanlar isə öz ixtisası (ixtisaslaşması) üzrə əvvəl təhsil
aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər.
Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və
tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil
alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini
yalnız ödənişli əsaslarla davam etdirirlər.
Akkreditə olunmayan
xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycanın ali
təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına yol verilmir.
Tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq tələbələrin bir ali
təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, xaric
olunmuş şəxslərin tələbələr sırasına bərpası (əvvəl təhsil aldığı ali
təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası istisna olmaqla) Təhsil Nazirliyinin
razılığı ilə həyata keçirilir. Dövlət adından təsisçi funksiyalarını
həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin
tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası
tabe olduqları qurumun və Təhsil Nazirliyinin
razılığı ilə həyata keçirilir. Tələbə bir ali təhsil müəssisəsindən
(ixtisasdan) digərinə köçürüldüyü, tələbələr sırasına bərpa olunduğu və
akademik məzuniyyətdən qayıtdığı halda onun əvvəllər qazandığı kreditlər
(təhsil nəticələri) "Ali təhsil müəssisələrinin bakalavriat və
magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və
Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit
sistemi ilə tədrisin təşkili Qaydaları” gözlənilməklə nəzərə alınır.
Bərpa olunan, təhsilalma formasını dəyişən və ya köçürülən (dövlət
sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna
olmaqla) tələbələr təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğə
uyğun təhsil haqqı ödəyirlər.
Qərar dekabrın 12-dən qüvvəyə minib.