Cəbhə xəttində baş
vermiş düşmən təxribatına görə bütün məsuliyyət Ermənistanın kriminal
hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
XəzərXəbər xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib: "Son günlər Ermənistan
hakimiyyətinin müxtəlif təbəqələrdən olan nümayəndələri, o cümlədən bu
ölkənin xarici işlər naziri Edvard Nalbandyan guya Azərbaycan tərəfinin
açdığı atəş nəticəsində erməni hərbi qulluqçusunun həlak olması barədə yalan və iftira dolu fikirlər səsləndiriblər. Həlak olan erməni
hərbçisinin düşmən ordusunda tüğyan edən cinayətkarlıq nəticəsində öz
xidmət yoldaşının açdığı atəşdən öldüyünü təsdiq edən məlumatların
yayılması bu iddiaların əsassız olduğunu bir daha sübut edir.
Bu cür üzdəniraq və məsuliyyətsiz bəyanatlar verməklə Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyət və erməni
xalqında qoşunların qarşıdurma xəttindəki vəziyyət barədə yanlış fikir
formalaşdırmağa, törətdikləri təxribatlara haqq qazandırmağa və
cavabdehlikdən yaxa qurtarmağa cəhd göstərir".
Qeyd edək ki, oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Zeynalov Cabbar Firuddin oğlu şəhid olub.