Oktyabrın 18-də -
Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar
Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü
qeyd olunub.
Müdafiə Nazirliyindən
XəzərXəbər-ə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri,
general-polkovnik Zakir Həsənov tədbirdə iştirak ediblər.
Azərbaycan
Respublikası müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu
komandanı, general-leytenant Kərəm Mustafayev tədbirə hazırlıq barədə
Ali Məclisin Sədrinə raport verib.
Ali Məclisin Sədri əsgərləri salamlayıb.
Azərbaycan
Respublikasının Dövlət Himni ifa olunub. Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Vasif Talıbov Dövlət Müstəqilliyi Gününün Naxçıvan
Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci
ildönümü ilə qeyd olduğunu bildirib, əlamətdar bayramlar münasibəti ilə
tədbir iştirakçılarını, eləcə də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
muxtar respublika ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi
heyətlərini, bütün muxtar respublika əhalisini təbrik edərək deyib:
Müdriklər dövlətlərin qüdrətini onun ordusunun qüdrəti ilə ölçürdülər.
İtalyan filosofu və mütəfəkkiri Nikolo Makiavelli özünün məşhur
"Hökmdar” əsərində göstərirdi ki, "bütün dövlətlərdə hakimiyyətin
əsasını yaxşı qanunlar və yaxşı ordu təşkil edir”.
Ali Məclisin
Sədri deyib: Ümummilli Liderimiz Azərbaycana hər iki rəhbərliyi dövründə
dövlət və ordu quruculuğu məsələlərini diqqətdə saxlamış, ordu
quruculuğu sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirmişdir.
Ölkəmizdə dövlət müstəqilliyi elan olunandan sonra bu müstəqilliyin
qorunmasına da 1991-ci ilin sentyabrında Naxçıvanda ilk milli ordu
qurumunun yaradılması ilə başlanılmışdır. O vaxt Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri işləyən Ümummilli Liderimiz muxtar
respublikanın sərhədlərinin möhkəmləndirilməsi və müdafiəsinin təşkili
haqqında qərarlar qəbul etmiş, bununla da milli hərbi hissələrə və
könüllü dəstələrə vahid rəhbərlik təmin olunmuşdur. 1992-ci il
sentyabrın 15-də isə Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli
ordu qurumu - 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil
edilmişdir. 25 il bundan əvvəl - 1992-ci il oktyabrın 9-da Naxçıvanda
keçirilən ilk hərbi paradda ümummilli lider Heydər Əliyev deyirdi:
"Biz
70 il ərzində hər il keçmiş Sovetlər İttifaqının silahlı qüvvələrinin
bayramlarının iştirakçısı olmuşuq. Fəqət bugünkü bayram bizim hər
birimizin qəlbində böyük iftixar hissi doğurur. Biz böyük sevinc
içərisindəyik. Çünki Azərbaycan xalqı, nəhayət, öz dövlətini, öz
millətini, öz doğma torpaqlarını müdafiə etmək üçün milli ordusunu
yaratmışdır”.
Qeyd olunub ki, 1993-cü ildə xalqın təkidli tələbi
ilə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli Liderimiz ordu
quruculuğunu dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirib, Silahlı Qüvvələrimiz
mühüm təşkilatlanma və inkişaf yolu keçib. Ümummilli Liderimizin ordu
quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər bu gün Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərinin diqqət və qayğısı
sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da artıb,
maddi-texniki bazası möhkəmləndirilib, hərbçilərin sosial-məişət şəraiti
yaxşılaşdırılıb. Hazırda müasir texnikalarla təchiz edilmiş Azərbaycan
ordusu yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdir. Ali Baş
Komandan Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin
möhkəmləndirilməsinə də xüsusi diqqət yetirir. Ölkə Prezidentinin
2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən Naxçıvanda 5-ci Ordu
Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılması əsası
ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Naxçıvanın etibarlı müdafiəsi ilə bağlı görülən tədbirlərin davamıdır.
Ali
Məclisin Sədri deyib: Bu gün Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki
təminatı davamlı olaraq möhkəmləndirilir, şəxsi heyətin döyüş
qabiliyyəti, mənəvi-psixoloji hazırlığı artırılır. Son 25 il ərzində
muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı məqsədyönlü
tədbirlər həyata keçirilmiş, müxtəlif hərbi təyinatlı 214 obyekt
istifadəyə verilmişdir. Əlamətdar yubiley günündə yeni Təlim-Tədris
Mərkəzinin istifadəyə verilməsi də ordu quruculuğu sahəsində görülən
işlərin davamıdır.
Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan
Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsində,
buradakı ordu hissələrinin formalaşmasında Türkiyə Respublikasının
təmannasız köməkliyinə görə qardaş Türkiyə dövlətinə, xalqına və Silahlı Qüvvələrinə hörmət və ehtiramını bildirib.
Daha
sonra Ali Məclisin Sədri şəxsi heyətə müraciətlə deyib: Bu gün sizin
qarşınızda mühüm vəzifələr dayanır. Bilirik ki, daim şərəfli əsgər və
zabit adını doğrultmağa çalışır, Vətənə, ümummilli lider Heydər Əliyev
yoluna sədaqət nümayiş etdirirsiniz. Naxçıvan Muxtar Respublikasının
fəal strateji mövqedə yerləşməsi sizin üzərinizə düşən məsuliyyəti daha
da artırır. Bu gün Silahlı Qüvvələrimizin
muxtar respublika ərazisindəki hərbi hissələrində olan birlik,
vətənpərvərlik və yüksək döyüş əhvali-ruhiyyəsi, torpaqlarımızın
etibarlı müdafiəsinə və toxunulmazlığına tam təminat verir. İnsanlar
muxtar respublika ərazisindəki ordu birləşmə və hissələrinə güvənərək
rahat yaşayır, təsərrüfatlarını genişləndirir, muxtar respublikanın
inkişafına öz töhfələrini verirlər.
Ali Məclisin Sədri Əlahiddə
Ümumqoşun Ordusunun qarşısında duran vəzifələrin bundan sonra da
peşəkarlıqla icra ediləcəyinə əminliklə bir daha Naxçıvanda ilk milli
hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibəti ilə tədbir
iştirakçılarını və şəxsi heyəti təbrik edib, çıxışını Ali Baş Komandan
cənab İlham Əliyevin
fikirləri ilə tamamlayıb: "Bu gün Azərbaycan xalqı vahid amal ətrafında
birləşib - ölkəmizi daha da gücləndirməliyik, müstəqilliyimizi daha da
möhkəmləndirməliyik, ordumuzun gücünü daha da artırmalıyıq ki, ərazi
bütövlüyümüzü bərpa edək”.
Əlahiddə
Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev tədbirdə
çıxış edərək deyib ki, bu gün muxtar respublikada hərbi xidmətin günün
tələbləri səviyyəsində təşkili üçün hər cür şərait yaradılıb. Əlahiddə
Ümumqoşun Ordunun maddi-texniki bazası möhkəmləndirilib, ordu ən müasir
silahlarla təchiz olunub, Əlahiddə Aviasiya hərbi hissəsi yaradılıb.
Muxtar respublikadakı bütün hərbi hissələr, xüsusilə də müdafiə
zolağında yerləşən döyüş mövqeləri əsaslı şəkildə yenidən qurulub,
xidmətin nümunəvi təşkili üçün lazımi şərait yaradılıb. Həyata keçirilən
kompleks tədbirlər hərbçilərin döyüş qabiliyyətinin və mənəvi-psixoloji
hazırlığının yüksəlməsinə səbəb olub.
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edərək deyib ki, ümummilli liderin Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu tədbirləri bu gün Ali Baş Komandan cənab İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasının
müdafiəsinin etibarlı təşkili ölkəmizdə həyata keçirilən ordu quruculuğu
tədbirlərinin əsas istiqamətlərindəndir. Muxtar respublikada Əlahiddə
Ümumqoşun Ordunun yaradılması və onun müasir silah, döyüş texnikası,
aviasiya, hava
hücumundan müdafiə qurğuları ilə təchiz olunması bu sahədə görülən
işlərin tərkib hissəsidir. Bu gün Əlahiddə Ümumqoşun Ordu istənilən
döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir. Zakir Həsənov Naxçıvanda
ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə
şəxsi heyətə təbriklərini çatdırıb.
Sonra Naxçıvan Muxtar
Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünə
həsr olunmuş hərbi parad keçirilib.
Hərbi paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusunun,
birləşmə və hissələrinin 2 min nəfərə yaxın şəxsi heyəti, 160-dan çox
hərbi texnika və silah sistemləri, o cümlədən 10-dan artıq döyüş
vertolyotu və təyyarəsi iştirak edib. Hərbi paradı minlərlə muxtar
respublika sakini izləyib.
Paradda ilk olaraq Azərbaycan Respublikasının dövlət bayrağı altında Heydər Əliyev adına Hərbi Liseyin kursantları meydana daxil olublar. Bu gün Heydər Əliyev
adına Hərbi Lisey mötəbər hərbi təhsil müəssisəsinə çevrilib. Gələcəyin
zabitləri üçün hər cür tədris şəraiti yaradılıb. Liseyin məzunları
Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif bölmələrində ləyaqətlə xidmət edir, Naxçıvanın qədim hərb ənənələrini şərəflə yaşadırlar.
Əlahiddə Ümumqoşun Ordunun mexanikləşdirilmiş, motoatıcı, xüsusi təyinatlı, kəşfiyyat, dağ atıcı, tank, reaktiv artilleriya, hava hücumundan müdafiə və rabitə bölmələrinin, Daxili Qoşunların "Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, "Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki-müdafiə alayının şəxsi heyəti nizami addımlarla tribunanın önündən keçiblər.
Sonra hərbi texnikanın keçidi olub.
Əlahiddə
Ümumqoşun Ordunun bayrağının ardınca üzərində tank əleyhinə idarə
olunan "SPAYK” raket kompleksləri quraşdırılmış "Qred Vul”
avtomobilləri, "Ştorm-3” Sofa maşını, "Kobra” yüngül zirehli
transportyoru, iriçaplı pulemyot quraşdırılmış "Sandkat” avtomobilləri
meydana daxil olub. Azərbaycanda istehsal olunan və beynəlxalq
sərgilərdə böyük maraqla qarşılanan "Marauder” zirehli döyüş maşınları,
"Orbiter-3B” pilotsuz uçuş aparatları tribuna önündən keçib. Sonra
dağlıq ərazidə aparılan döyüşlərdə yüksək manevrliliyi ilə seçilən
"Lançer” reaktiv artilleriya kompleksi, "Sani” minaatanları,
avtomobillər üzərində quraşdırılmış müxtəlif markalı artilleriya
qurğuları, tank əleyhinə "D-44” topu və "MT-12” topları, atəş dəqiqliyi
və effektivliyinə malik "D-30” haubitsası, "D-20” və "M-46” top
haubitsası, atəş uzaqlığı 35 kilometrə qədər olan "Qiasint-B” topları
nümayiş olundu.
Hərbi paradda "BM-21 Qrad”, "Qrad-LAR”,
"Sakarya”, "Qasırğa” yaylım atəşli reaktiv sistemləri, "Smerc” döyüş
maşını, idarəetmə məsafəsi və məhvetmə imkanı artırılmış "OSA”, "S-125”
zenit raket kompleksləri, zirehli transportyor "BTR-82A”, piyadaların
döyüş maşınları 2 və 3, özüyeriyən tank əleyhinə "Xrizantema” kompleksi,
müasir aşkaretmə, izləmə və atəşaparma cihazları ilə təchiz olunmuş
"T-72 M1” və "T-90C” tankları, eləcə də "T-90C” tankı üzərində
quraşdırılmış "TOS-1A” reaktiv sistemi və özüyeriyən artilleriya qurğusu
"Qvozdika” keçidi davam etdirib. Əlahiddə Ümumqoşun Ordunun
silahlanmasında olan silah və texnika kolonunu "ZQ-23-2” zenit
qurğularının keçidi tamamlayıb.
"Mİ-17-1V” hərbi vertolyotu
Azərbaycan bayrağını dalğalandırıb, "SU-25” döyüş təyyarələri,
"Mİ-17-1V” və "Mİ-35M” vertolyotları müxtəlif döyüş düzülüşündə səmanı
fəth ediblər. Bununla da hərbi parad başa çatıb.
Müstəqillik günündə
Naxçıvanda ilk milli hərbi hissənin yaranmasının 25-ci ildönümünə həsr
olunmuş hərbi paradın keçirilməsi Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublikadakı birləşmə və hissələrin güc və qüdrətini bir daha nümayiş etdirib.
Əlahiddə Ümumqoşun Ordunun yeni Təlim-Tədris Mərkəzi istifadəyə verilib.Oktyabrın 18-də Əlahiddə Ümumqoşun Ordunun yeni Təlim-Tədris Mərkəzi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.
Tədbirdə
"Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və "Rəşadətli əməyə
görə” nişanlarının, bir qrup hərbiçiyə isə Ali Məclis Sədrinin
hədiyyələrinin təqdimatı olub.
Qeyd olunub ki, Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 17 oktyabr tarixli
Sərəncamı ilə hərbi xidmətdə səmərəli fəaliyyətinə görə 10 hərbiçi
"Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə”, 10 hərbiçi isə
"Rəşadətli əməyə görə” nişanları ilə təltif olunub.
Ali Məclisin
Sədri "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və "Rəşadətli
əməyə görə” nişanlarını, eləcə də hədiyyələri hərbiçilərə təqdim edib.
Azərbaycan
Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov döyüş
hazırlıqlarının həyata keçirilməsində əldə etdikləri nailiyyətlərə,
xidməti vəzifələrin və qarşıya qoyulan tapşırıqların yerinə
yetirilməsində fərqləndiklərinə görə bir qrup hərbi qulluqçuya "Şücaətə”
görə və "Hərbi xidmətdə fərqləndiyinə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli
medallarını, bir qrup hərbi qulluqçuya isə vaxtından əvvəl hərbi
rütbələri təqdim edib.
Sonra
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir
Həsənov Təlim-Tədris Mərkəzinin açılışını bildirən lenti kəsiblər.
Mərkəzlə
tanışlıq zamanı qeyd olunub ki, 3 mərtəbədən ibarət olan binada
simulyasiya mərkəzi, trenajor zalı, zirehli texnika, raket-artilleriya
sistemləri, rabitə, taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı,
topoqrafiya, komandir hazırlığı və digər sinif otaqları, kitabxana,
mətbəə, xarici dillər kabinəsi və 700 yerlik tədbirlər zalı vardır.
Hərbi tədris proqramının keyfiyyətlə mənimsənilməsi, şəxsi heyətin
peşəkarlığının və nəzəri biliklərinin artırılması üçün sinif otaqlarında
lazımi şərait yaradılıb, kompüterlər quraşdırılıb, əyani vəsaitlər və
məlumat stendləri qoyulubdur.
Trenajor zalında tank, artilleriya
və digər zirehli texnikaların idarə olunması, eləcə də texniki və atış
sistemləri üzrə 18 trenajor quraşdırılıb. Trenajorlar vasitəsilə zirehli
texnikaların idarə olunması və döyüş zamanı onlardan atəş açılması üzrə
təlimlərin keçirilməsi öyrədiləcəkdir. Keçirilən təlimlərin sonunda
qiymətləndirmənin aparılması isə şəxsi heyətin bilik səviyyəsini və
peşəkarlığını müəyyən etməyə imkan verəcəkdir.
Simulyasiya
mərkəzində artilleriya qurğularının taktiki-texniki xüsusiyyətləri,
həmçinin atışın idarə olunması üzrə məşğələlərin praktik mənimsənilməsi
üçün hər cür şərait yaradılıb, otaqlarda mərkəzdən idarə olunan və
xüsusi proqram təminatına malik 100 kompüter və proyektorlar
quraşdırılıb. Atəş hazırlığı otağında yaradılan virtual təlim meydançası
döyüş sursatı sərf etmədən müxtəlif şəraitdə atəşin idarəolunmasını
həyata keçirməyə imkan verir. Həmçinin burada atəş tapşırıqlarını təhlil
etmək və qiymətləndirmək, atəş göstəricilərinin dəqiqliyinin müqayisə
etmək mümkündür.
Tədbir zalına baxış zamanı Əlahiddə Ümumqoşun Ordunun keçdiyi inkişaf yolundan bəhs edən film göstərilib.
Kitabxanada
Azərbaycan və dünya ədəbiyyatı nümunələri, eləcə də ordumuzun keçdiyi
tarixi inkişaf yolunu əks etdirən 16 mindən artıq kitab, qəzet və jurnal
materialları qoyulub. Burada şəxsi heyət üçün gündəlik dövri mətbuatla
tanış olmaq, hərbi və bədii ədəbiyyatları mütaliə etmək imkanı vardır.
Həmçinin kitabxanada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
2017-ci il 28 avqust tarixli Sərəncamına uyğun olaraq "Oxunması zəruri
olan kitablar”dan ibarət guşə də yaradılıb.
Ali Məclisin Sədri
Təlim-Tədris Mərkəzinin imkanlarından səmərəli istifadə olunması, şəxsi
heyətin nəzəri biliklərinin və döyüş hazırlığının daha da artırılması
ilə bağlı tapşırıqlar verib.