Azərbaycan Prezidenti
İlham Əliyev oktyabrın 18-də Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq
Şurasının baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəninin rəhbərlik etdiyi
nümayəndə heyətini qəbul edib.
XəzərXəbər xəbər verir ki, Əbdüllətif bin Raşid Əl-Zəyyənin Körfəz Ərəb
Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv dövlətlərin rəhbərlərinin
salamlarını dövlətimizin başçısına çatdırdı. O dedi: "Biz mövcud
əlaqələrin səviyyəsini yüksək qiymətləndiririk və əlaqələrimizin daha da
möhkəmləndirilməsində maraqlıyıq. Bu münasibətlərin inkişafında Sizin
rəhbərliyinizə görə minnətdarıq”.
Azərbaycan-Körfəz Ərəb
Dövlətlərinin Əməkdaşlıq Şurasının biznes-forumunda iştirak edəcəklərini
məmnunluqla qeyd edən Əbdüllətif bin Raşid Əl-Zəyyənin bu tədbirin
Azərbaycan ilə təşkilata üzv dövlətlər arasında iqtisadi əlaqələrin
genişləndirilməsi üçün əhəmiyyətli olduğunu vurğuladı. O bildirdi ki,
Azərbaycan ilə əməkdaşlığın gücləndirilməsi regionda təhlükəsizliyin,
sabitliyin və iqtisadi inkişafın təmin olunması baxımından önəmlidir.
Qonaq dedi ki, sizin gözəl ölkənizə körfəz dövlətlərindən gələn
turistlərin sayının artması məmnunluq doğurur.
Təşkilata üzv
dövlətlərlə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyini, bu
dövlətlərlə güclü siyasi münasibətlərimizin mövcud olduğunu deyən Prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsi baxımından önəmini qeyd etdi.
Azərbaycanda
turizmin inkişafı üçün böyük işlərin görüldüyünü bildirən dövlətimizin
başçısı respublikamıza xarici ölkələrdən, o cümlədən körfəz
dövlətlərindən gələn turistlərin sayının durmadan artdığını məmnunluqla
qeyd etdi. Prezident İlham Əliyev
Azərbaycanda turistlərə yüksək qonaqpərvərlik göstərildiyini dedi,
bunun da ölkələrimiz və xalqlarımız arasında əlaqələrin genişlənməsi
işinə töhfəsini verdiyini vurğuladı.
İqtisadi əməkdaşlığımız üçün də yaxşı imkanların mövcud olduğunu qeyd edən dövlətimizin başçısı ölkəmizdə investisiya
qoyuluşu üçün əlverişli şəraitin olduğunu vurğulayaraq bu baxımdan
Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələrin Azərbaycana investisiya
qoyması üçün yaxşı imkanların mövcud olduğunu bildirdi. Azərbaycan
iqtisadiyyatının rəqabətə davamlılığının artdığını məmnunluqla qeyd edən
Prezident İlham Əliyev
vurğuladı ki, bu il Davos Dünya İqtisadi Forumu ölkəmizin
iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünya dövlətləri arasında
37-ci yerdən 35-ci yerə layiq görüb.
Dövlətimizin başçısı Azərbaycanın İslam həmrəyliyi işinə öz töhfəsini verdiyini, ölkəmizdə bu yaxınlarda İslam Həmrəyliyi Oyunlarının keçirildiyini qeyd edərək, bu Oyunların İslam ölkələri arasında əlaqələrin möhkəmləndirilməsi baxımından önəmini vurğuladı.
Söhbət zamanı üzv dövlətlər ilə Azərbaycan arasında hava əlaqələrinin genişləndirilməsinin məqsədəuyğun olduğu qeyd edildi.
Prezident İlham Əliyev
Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv dövlətlərin
rəhbərlərinin salamlarına görə minnətdarlığını bildirdi, onun da
salamlarını Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv
dövlətlərin rəhbərlərinə çatdırmağı xahiş etdi.
Sonda Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim olundu.