Dövlət İmtahan Mərkəzi (DİM) və
Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan və 2019-cu ildə tətbiqi
nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun
qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil
müəssisələrinə qəbul imtahanlarının modeli aşağıdakı kimidir:
Ümumi (9 illik) orta təhsil bazasında
ümumtəhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsi
(buraxılış) imtahanlarının yenə də iki mərhələdə, lakin 3 fənn üzrə
keçirilməsi nəzərdə tutulur.
XəzərXəbər xəbər verir ki, bu barədə DİM-in yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, hər iki mərhələdə şagirdlərin bilikləri tədris dili,
riyaziyyat və xarici dil fənləri üzrə qiymətləndiriləcəkdir.
Birinci mərhələdə tədris dili üzrə şagirdlərin oxuyub-anlama və yazı
bacarıqlarını yoxlamaq məqsədilə açıq və qapalı tipli tapşırıqlardan,
yazı işlərindən, riyazi bacarıqları yoxlamaq məqsədilə isə açıq tipli
tapşırıqlardan, xarici dil üzrə də şagirdlərin oxuyub-anlama,
dinləyib-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və qapalı
tipli tapşırıqlardan, yazı işlərindən istifadə ediləcək. İkinci
mərhələdə isə hər bir fənn üzrə qapalı tipli test tapşırıqlarından
istifadə olunacaq.
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirilmə
(buraxılış) imtahanları isə bir mərhələdə – tədris dili, riyaziyyat,
xarici dil fənləri üzrə keçiriləcəkdir. Bu mərhələdə şagirdlərin
bilikləri yeni təhsil proqramları (kurikulum) əsasında, tələb olunan
bacarıq və vərdişlərin yoxlanılması üçün açıq və qapalı tipli
tapşırıqlardan istifadə olunmaqla qiymətləndiriləcək.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanı 5
ixtisas qrupu üzrə aparılacaq. Abituriyentlər I, II,III və IV qrupa aid
ixtisaslara qəbul olmaq üçün 3 fənn üzrə imtahan verəcəklər.
I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün
müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri
nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın
üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul
imtahanlarında topladıqları balların cəminə əsasən ali təhsil
müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.
V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən
ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə
buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq. V ixtisas qrupunun
ixtisaslarına və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət
tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər əlavə
olaraq qabiliyyət imtahanı da verəcəklər.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin I-IV qrup
ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər aşağıdakı fənlərdən
imtahan verəcəklər:
Bir daha qeyd olunmalıdır ki, yuxarıda göstərilən model 2019-cu ildən
etibarən tətbiq olunacaq. 2018-ci ildə ümumi (9 illik) və tam (11 illik)
orta təhsil səviyyələri üzrə buraxılış imtahanları, eləcə də ali və
orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları 2017-ci ildə
olduğu kimi keçiriləcək. 2018-ci ilə dair yeganə dəyişiklik ondan
ibarətdir ki, ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas
təhsili müəssisələrinə qəbul olmaq istəyən rus (gürcü, ingilis)
bölməsinin abituriyentləri Azərbaycan dili fənnindən imtahan verəcəklər.